Sumqayıt Texnologiyalar Parkı” MMC Cənubi Koreyanın “Seoul Machinery”, “Samgong”, “Samjin” şirkətləri ilə birgə əməkdaşlıq müqaviləsi imzalayıb.
Cəmiyyətdən verilən xəbərə görə, razılaşmaya əsasən, yaxın zamanda bu şirkətlərin istehsal etdikləri məhsulların bir çox çeşidi STP-də hazırlanacaq.
“Seoul Machinery” şirkəti ilə neft-qaz sənayesində istifadə olunan təzyiq çənləri və istilik dəyişdiricilərinin istehsalında əməkdaşlıq ediləcək. “Samgong” ilə havalandırma və katodik mühafizə sistemlərinin qurulması birgə hazırlanacaq. “Samjin” şirkəti ilə isə neft-qaz emalı zavodlarında istifadə olunan texniki avadanlıqların, yüksək təzyiqli siyirtmələrin istehsalı birgə həyata keçiriləcək.
İmzalanan müqavilə nəticəsində neft-qaz sənayesində istifadə olunan bir çox avadanlıqlar artıq xaricdən idxal olunmayacaq. Gələcəkdə bu sahənin bir çox ehtiyacları STP tərəfindən təchiz olunacaq.
Qeyd edək ki, 2009-cu il dekabr ayının 22-də cənab prezident İlham Əliyev tərəfindən istismara verilən Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tətbiq olunur.