Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə aylıq işgüzar nahar təşkil edilib.
FED.az xəbər verir ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 150 qonaq iştirak edib.
Tədbiri açıq elan edən "AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova qonaqları salamlayaraq işgüzar nahara əsas natiq qismində dəvət edilən Aydın Əliyevə iştirakı üçün minnətdarlıqlarını ifadə ediblər.
A.Əliyev palata üzvləri qarşısında çıxış edərək prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar hesabına qeyri-neft sektorunun inkişafından, ölkəmizin ixrac potensialının sürətli artımından, 2017-ci ildə gömrük işinin təşkili sahəsində görülən işlərdən, gömrük sistemində həyata keçirilən islahatlardan və bu tədbirlərin ölkədəki ticarət mühitinin yaxşılaşdırılmasına təsirindən danışıb. Eyni zamanda, ötən il gömrük xidmətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, qaçaqmalçılığa və digər hüquqpozmalara qarşı mübarizə, innovasiya layihələrinin tətbiqi, elektron xidmətlərin təşkili və digər sahələrdə görülən işlər barədə də məlumat verilib.
Görüşdə ötən il ərzində Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas prioritet sahələrindən biri kimi, elektron gömrük xidmətlərinin inkişaf etdirilməsindən də bəhs olunub. “Qeyd etmək istərdim ki, gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib və Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb. Hazırda Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlara və sahibkarlara Elektron Hökumət Portalı üzərindən 11 elektron xidməti təqdim olunur.” – Aydın Əliyev bildirib.
A.Əliyev Dövlət Gömrük Komitəsinin biznes nümayəndələri ilə hər zaman açıq dialoqa hazır olduğunu bir daha vurğulayıb, ötən il komitə rəhbərliyinin yerli və xarici iş adamları ilə keçirdiyi bir sıra görüşlər, gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlərin özəl sektorun çevik və səmərəli fəaliyyəti üçün yaratdığı mühüm imkanlar barədə məlumat verib.
Çıxışının sonunda A. Əliyev dəvət üçün "AmCham Azərbaycan" rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib, Palata tərəfindən hökumət və biznes ictimaiyyəti arasında mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb və ölkənin biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan səmərəli işləri müsbət qiymətləndirib.
Qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyan tədbirin sonunda komitə sədri tərəfindən palata üzvlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Palatanın təşəbbüsü olan və "Amcham Azərbaycan" tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan Parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
"AmCham Azərbaycan" xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan" iqtisadiyyatın hər bir sektorunda fəal olan 260-dən çox üzv və köməkçini özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli biznesin mühüm hissəsini təmsil edir.