“İxrac icmalı”nın noyabr sayına əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. 2021-ci ilin on ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16,2% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.