2019-cu ildən başlayaraq Azərbaycanda kərə yağı idxalından asılılığı, demək olar ki, tam aradan qaldırmaq planlaşdırılır.
Bunu FED.az-a "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin icraçı direktoru Samir Eyyubov deyib.
S.Eyyubov bildirib: "Azərbaycanın kərə yağının idxalından çox ciddi asılılığı var. Dövlət bu məsələni həll etmək niyyətindədir. Bu məqsədlə dövlətin dəstəyilə ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən iki yeni zavod tikilir. Zavodlar 2019-cu ilin ortasına qədər işə düşəcək. Bunun üçün əlavə istehsal xətləri alınır. Hər bir müəssisənin emal gücü sutkada 200 ton süd təşkil edəcək. Bu da təxminən 10 ton kərə yağı deməkdir".
İcraçı direktorun sözlərinə görə, layihələrin maliyyələşdirilməsinə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də vəsait ayrılacaq: "Məbləğ hələlik açıqlanmır".
Qeyd edək ki, 2018-ci ilin ilk rübündə Azərbaycan 20,69 milyon dollar məbləğində kərə və süddən hazırlanan digər növ yağlar idxal edib. Bu göstərici 2017-ci illə müqaisədə 53 faiz çoxdur.