Qırğız Respublikasının Prezidenti Sadır Japarov hesab edir ki, Azərbaycanla imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə tarixi xarakterli mühüm sənəddir və iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələdir.
Eləcə də bax: Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla - ÇIXIŞ EDİBLƏR
FED.az xəbər verir ki, “Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq”, - deyə S.Japarov aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlardan sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
O qeyd edib ki, Bakı və Bişkəkin hədəfi beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsidir.
“Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik”, - deyə Qırğızıstan Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Qırğızıstan Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır.