İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17029:2019 “Conformity assessment. General principles and requirements for validation and verification bodies” beynəlxalq standartı əsasında AZS ISO/IEC 17029:2024 “Uyğunluğun qiymətləndirilməsi. Validasiya və verifikasiya orqanları üçün ümumi prinsip və tələblər” yeni dövlət standartı qəbul edilib.
FED.az xəbər verir ki, AZSTAND ilə Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB) “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” (“Quality Infrastructure for Green Transformation” - QI4GT) adlı birgə layihəsi çərçivəsində işlənib hazırlanan dövlət standartının tətbiq edilməsinin əsas məqsədi istixana effekti yaradan qazların emissiyası, ekoloji markalanma, ətraf mühitin mühafizəsi ilə əlaqəli hesabatların validasiyasını və verifikasiyasını aparan orqanlara dair ümumi prinsip və tələbləri müəyyənləşdirməkdir.
Yeni dövlət standartı, həmçinin müəssisələr və təşkilatlar üçün istixana effekti yaradan qazların emissiyalarının azaldılmasına dair effektiv strategiyaların hazırlanmasına imkan yaradacaq.
Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.