İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ genişləndirilir.
FED.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliklə, istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikat-laşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə biləcək.
Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.
Mövcud qanunvericiliyə əsasən, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.