Xəbər verildiyi kimi, noyabrın 20-də İraq prezidenti Əbdüllətif Camal Bakıda səfərdə olub.
"Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq"
FED.az xəbər verir ki, İraqın dövlət başçısı azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlarda və ondan sonrakı mətbuata açıqlamada azərbaycanlı investorları və iş adamlarını, hətta Azərbaycanın dövlət şirkətlərini də İraqa sərmayə yatırmağa və burada iş qurmağa dəvət edib.
İraq prezidenti əmin edib ki, burada artıq əvvəlki qarışıq dövrlər başa çatıb, əmin amanlıqdır, dövlətin böyük sifarişləri var və investisiya yatırıb iş qurmaq üçün imkanlar mövcuddur.
İki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev mətbuat üçün açıqlamada vurğulayıb: «Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik.
İqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq»-deyə prezident bildirib.
İraq prezidenti isə bu imkandan istifadə edərək Azərbaycan şirkətləri və investorlarına ölkəsi barədə daha ətraflı məlumat verməyə çalışdı: Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik».
İllər əvvəl İraqda müharibələrin və problemin olduğunu xatırladan Əbdüllətif Camal dərhal qeyd edib ki, bu məsələlər artıq keçmişdə qalıb və indi «İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var».
İraq prezidenti etiraf edib ki, ölkə faktiki olaraq yenidən qurulur:
«Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq».
Prezident bildirib ki, Azərbaycan biznesi üçün İraqda lazımi şərait yaradılacaq: «İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik. Hesab edirəm ki, İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq».