İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüş keçirilib.
FED.az xəbər verir ki, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin potensialının effektiv reallaşdırılması, o cümlədən İordaniyanın təklif etdiyi ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə Agentliyin nümayəndələrinin ölkəyə işgüzar səfərinin planlaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, səfər zamanı qurulacaq birbaşa əlaqələr və aparılacaq məlumat mübadiləsi cari ilin may ayında keçirilməsi gözlənilən ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının səmərəli işi üçün möhkəm zəmin yaradacaq.
Səfir Ömər Bərəkət əl-Nahar ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrini tənzimləyən sazişlərin yenilənməsinin zərurətini qeyd edərək, İordaniyada investisiya və ticarət fəaliyyətinin həyat keçirilməsinin açdığı fürsətlər haqqında danışıb. Bildirilib ki, Avropa İttifaqı, ABŞ və Kanada ilə azad ticarət müqavilələri mövcud olan İordaniya Azərbaycan sahibkarları üçün ölkədə birgə müəssisələrin yaradılması və daha sonra sözügedən bazarlara ixrac edilməsi baxımından geniş imkanlar vəd edir. Bununla yanaşı, iordaniyalı sahibkarların da Azərbaycanın qonşu ölkələrlə mövcud əlverişli ikitərəfli ticarət qanunvericilindən istifadə edərək MDB bazarlarına çıxışı perspektivləri vurğulanıb.
Görüşdə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində birgə biznes forumun keçirilməsi, eləcə də ikitərəfli işgüzar əlaqələrin intensivləşdirilməsi üçün birbaşa uçuşların həyata keçirilməsi təklifləri də müsbət qiymətləndirilib.