Xəbər verildiyi kimi, 2020-ci ilin yanvarında ölkədən ixracın həcmi 66% artaraq 2 milyard 130 milyon dolları keçib.
Eləcə də bax: Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
FED,az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, ixracın belə kəskin artması neft-qaz və neft məhsullarının ıhesabına olub.
2019-cu ilin yanvarında Azərbaycandan neft, neft məhsulları və qazın ixracı 1 milyard 139,5 milyon dollar idi. Bu məhsullar ümumi ixracda 89% paya malik idi.
2020-ci ilin yanvarında isə neft, neft məhsulları və təbii qazın ixracı 1 milyard 989,4 milyon dollar olub. Bu məhsulların ümumi ixracda payı 93,4%-ə yüksəlib.
Baqa sözlə, 2020-ci ilin yanvarında ölkədən ümumi ixracda müşahidə edilən 851 milyon dollarlıq artımın 850 milyon dolları neft-qazın hesabınadır.
Qeyri-neft sektorunun payı isə 11%-dən 6,6%-ə enib.
İxracda ikinci paya malak olan meyvə tərəvəzin ixracında isə ciddi dəyişiklik olmayıb – əksinə ixracın həcmi cüzi azalıb.
2019-cu ilin yanvarında ölkədən 43 milyon 430 min dollarlıq meyvə tərəvəz ixrac edildiyi halda, 2020-nin yanvarında bu məbləğ 42 milyon 36 min dollara düşüb. İxrac edilən meyvə tərəvəzin həcmi də azaıb – 2019-cu ildə bu göstərici 47 min 394 ton idisə, 2020-ci ildə 37 min 518 ton olub.
Əvəzində Azərbaycandan ixrac edilən meyvə-tərəvəzin qiyməti artıb. 2019-un yanvarında bu məhsulun hər kiloqramı orta hesabla 0,91 dollardan satıldığı halda, 2020-ci ildə bu göstərici 1,12 dollara yüksəlib.