İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayı təqdim edilib.
FED.az xəbər verir ki, 2020-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycanın ixracı 9,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1 milyard 153 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 124 milyon ABŞ dolları və ya 9,7 faiz azalıb.
Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 450,3 milyon, Türkiyəyə 226,9 milyon, İsveçrəyə 138,5 milyon, Gürcüstana 92 milyon və Çinə 32,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2020-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (167 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 124,4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (78,6 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə, 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 376,3 milyon, pambıq lifi ixracı 77,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 milyon, kimya sənayesi məhsullarının ixracı 52,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 milyon, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,5 milyon, pambıq ipliyi ixracı 11,3 milyon, spirtli və spirtsiz içkilərin ixracı 8,4 milyon, şəkər ixracı 11,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 milyon, çay ixracı 6,2 milyon ABŞ dolları təşkil edib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracı 4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9 faiz, çay ixracı 0,2 faiz artıb.
2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 118,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 15,8 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 4,3 faiz çoxdur. 2020-ci ilin avqust ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 21,1 faiz, qeyri-yeyinti sektoru üzrə isə 78,8 faiz təşkil edib.
Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (31,7 milyon ABŞ dolları), İsveçrəyə (31 milyon ABŞ dolları), Türkiyəyə (21,9 milyon ABŞ dolları), Gürcüstana (7,8 milyon ABŞ dolları) və Əfqanıstana (2,2 milyon ABŞ dolları) ixrac edilib.
2020-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (28 milyon) birinci, pambıq mahlıcı (6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium – (5,4 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.
“İxrac İcmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-avqust ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Socar Polymer” MMC, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Land Lojistic” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Fruit Store” MMC, “Global Trade Group” MMC, “Sun Food” MMC, “Baku Steel Company”, “Azagroeksport 2017” MMC, “Fruit City Group” MMC. Statistik göstəricilərə əsasən icmalda göstərilən qeyri-dövlət şirkətlərinin qeyri-neft ixracında payı 32,7 faiz təşkil edir.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və “Suraxanı Maşınqayırma Zavodu” ASC. Statistik göstəricilərə əsasən, icmalda göstərilən dövlət şirkətlərinin qeyri-neft ixracında payı 31, 2 faiz təşkil edir.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2020-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil etmişdir. 2020-ci ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.
“İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub. Bunun nəticəsində 2020-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb.
“İxrac İcmalı”nda 2020-ci ilin yanvar-avqust ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2020-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına 429,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin avqust ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 4,2 faiz artıb. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 avqust tarixinə kimi (44 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 14 milyon ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 19 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 133,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı” ilə iqtisadiislahat.org saytının “İcmallar” bölümündə tanış ola bilərsiniz.