İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına əsasən, 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,8 mlrd. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb. 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (158,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (149,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Digər yerləri tutan məhsullar müvafiq olaraq: ilkin formalı polipropilen (86,9 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) (71,9 milyon ABŞ dolları), meşə fındığı (55,9 milyon ABŞ dolları), polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (51,4 milyon ABŞ dolları), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən çox) (50,4 milyon ABŞ dolları), karbamid (49,9 milyon ABŞ dolları), metanol (metil spirti) (48,6 milyon ABŞ dolları).
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 586,5 milyon ABŞ dolları, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon ABŞ dolları, Gürcüstana 120,5 milyon ABŞ dolları və ABŞ-a 54,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Digər yerləri müvafiq olaraq: Ukrayna (36,2 milyon ABŞ dolları), Braziliya (31,5 milyon ABŞ dolları), Çin (27,4 milyon ABŞ dolları), Belçika (26,4 milyon ABŞ dolları), Qazaxıstan (26,1 milyon ABŞ dolları).
Normallaşma prosesinin davam etdiyi dövrdə sentyabr ayı üzrə ümumi ixrac 1,7 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 75,2% təşkil etməklə 224,7 mln ABŞ dolları olub. 2021-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 34,5% artaraq 46,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 90% artaraq 178,5 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.
2021-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol (15,7 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-sentyabr ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2021-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Bulder 007 LTD” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azergold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”.
2021-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 36 ölkəsinə 32,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib. 2021-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon ABŞ dolları ilə ABŞ, 7,2 milyon ABŞ dolları ilə Fransa, 6,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,7 milyon ABŞ dolları ilə Malayziya və 1,3 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
2021-ci ilin sentyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 124,3 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-sentyabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 836,5 milyon manatlıq əməliyyat aparıblar.
2021-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 367,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 43,2 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, xurma, nar şirəsi, fındıq ləpəsi, un, meyvə cemi, kərə yağı, qızılgül, qənnadı məhsulları, tütün, mühərrik yağı və s. mallara daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 30 sentyabr tarixinə kimi (57 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,59 milyard ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2021-ci ilin oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23,3 milyon ABŞ dolları olub. 2017-ci ildən 2021-ci ilin noyabr ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 665 milyon ABŞ dolları təşkil edib.