Bu gün İqtisadiyyat Nazirliyində keçirilən geniş kollegiya iclasında “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dair müzakirələr aparılıb.
Fed.az-ın verdiyi məlumata görə, ilkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların orada təqdim olunması təklif edilib. Eləcə də, xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunmasının planlaşdırıldığı bildirilib.
İclas zamanı nazir Şahin Mustafayev bir ay müddətində “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının (“duty free”) siyahısı müəyyənləşdirilməsini tapşırıb. “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələrinin seçilməsi, eləcə də tədqiqat-inkişaf proqramlarının təşkili ilə əlaqədar ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları hazırlanması da nazirin tapşırıqları sırasında olub.
Kollegiyada AZPROMO-ya ABŞ-ın prestijli mağazalarında “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi tapşırılıb.
İstanbul, Moskva, Frankfurt və Dubay "Duty Free”lərində “Made in Azerbaijan” brendi rəfləri yaradılacaq
13:53
13 Okt 2016