İslam İnkişaf Bankı “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu fikirlər “Azərbaycan Dəmir Yolları” QSC-də İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı deyilib.
Görüşdə son dövrlər Azərbaycan dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidən qurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.
İslam İnkişaf Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.