Azərbaycanın iri dövlət şirkətlərinin gəlir və xərclər smetalarının tərtibi qaydaları dəyişib.
Nazirlər Kabineti bununla bağlı “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərarında dəyişiklik edib.
İri dövlət şirkətlərinin siyahısına SOCAR, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar ("Azərkosmos" ASC, "Aztelekom" MMC, "Azərpoçt" MMC və “Bakı Telefon Rabitəsi" MMC) daxildir.
"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə komissiya yaradılıb. Komissiyanın sədri baş nazirin birinci müavini Yaqub Eyyubov, komissiyanın üzvləri iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıdır. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədi ilə komissiyanın katibliyi yaradılsın və katibliyin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.
İri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək komissiyanın katibliyinə təqdim etməli idi. Dəyişikliyə əsasən iri dövlət şirkətləri növbəti ilin gəlirlər və xərclər smetalarının ilkin layihələrini hər il iyulun 1-dək deyil, dekabrın 20-dək katibliyə təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 30 gün ərzində, illik icrası barədə hesabatı isə hər il aprel ayının 1-dək komissiyaya təqdim etməli idilər. Dəyişikliyə əsasən isə artıq iri dövlət şirkətləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı artan yekunla hər rübdən sonrakı ayın 15-dək komissiya üzvlərinə və katibliyə kağız və elektron daşıyıcılarda təqdim etməlidirlər. İri dövlət şirkətləri təsdiq olunmuş smetanın icrası barədə rüblük hesabatda iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri proqnoz göstəricilərindən 10%-dək az və ya çox olduqda, komissiyanın katibliyinə bunun səbəbləri barədə müvafiq izahat təqdim edəcək. Komissiyanın katibliyi hər rüb üzrə smetanın icrasına dair müvafiq arayış hazırlayaraq Komissiyanın üzvlərinə təqdim edəcək və hər rübdən sonrakı ayın 30-dək komissiyada müzakirəsini təşkil edəcək.