FED.az xarici mediaya istinadən xəbər verir ki, sərbəst bazarda dünən 12 min tümənə dəyişdirilən 1 ABŞ dollarının dəyəri bu gün 14 min tümənə (140 min rial) çatıb.
İranda hökumətin qabaqlayıcı tədbirlərinə baxmayaraq, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayıb. Yeni iqtisadi paketə əsasən avqust ayında valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətə başlaması ilə dolların sərbəst bazarda tənzimlənməsinə başlanılıb. Nəticədə vəziyyət bu həddə çatıb.
Araşdırmaçı jurnalist Şahin Cəfərlinin verdiyi məlumata görə, möhtəkirlər bu vəziyyətdən istifadə edərək bir çox malları satışa vermirlər və qıtlıq nəticəsində qiymətlərin artmasından sonra "əl altından" satışa çıxarırlar. "Qara bazar"a düşən mallar arasında uşaq bezi də var.
"Noyabrın 4-də İranın neft, neft-kimya, bank-maliyyə sektorlarına qarşı ABŞ sanksiyaları qüvvəyə minəcək. Bu ərəfədə ölkənin neft ixracında problemlər yaranmağa başlayıb. İran neftinin ən böyük alıcılarından olan Hindistan iyul ayı ilə müqayisədə avqustda İrandan neft idxalını 36% - sutkada 768 min bareldən 488 min barelə qədər azaldıb. İranın ixracının 70%-ni neft və neft məhsulları təşkil edir və uzun illər davam edən sanksiyalar dövründə ölkənin öz iqtisadiyyatını diversifikasiya etməyə nail olduğu barədə təsəvvürlər yanlışdır".
Ş.Cəfərlinin sözlərinə görə, qonşu ölkədə başqa bir problem isə susuzluqdur. İranın 334 şəhəri susuzluqdan əziyyət çəkir.