Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı son rəqəmləri açıqlayıb. FED.az komitəyə istinadən məlumat verir ki, 2018-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 29 milyard 294 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,9 faiz artmış, neft sektorunda isə əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə qalmışdır.
Əlavə dəyərin
48,8 faizi sənayedə,
9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri,
6,7 faizi tikinti,
6,1 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə,
1,6 faizi informasiya və rabitə,
13,8 faizi isə digər sahələrdə istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artmış, neft sektorunda isə 0,3 faiz azalmışdır.
Sənaye məhsulunun
73,2 faizi mədənçıxarma sektorunda,
22,0 faizi emal sektorunda,
4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda,
0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,2 faiz azalmışdır.
İstehsalın artdığı sahələr
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə,
tütün məmulatlarının istehsalı 2,6 dəfə,
poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə,
hazır metal məmulatlarının istehsalı 2,0 dəfə,
mebel istehsalı 96,8 faiz,
elektrik avadanlıqlarının istehsalı 96,2 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 faiz,
toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz,
tikinti materiallarının istehsalı 40,4 faiz,
metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz,
geyim istehsalı 11,4 faiz,
əczaçılıq məhsullarının istehsalı 3,7 faiz.
İstehsalın azaldığı sahələr
kimya sənayesi məhsullarının istehsalı 0,8 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9 faiz,
içkilərin istehsalı 4,5 faiz,
qida məhsullarının istehsalı 5,1 faiz,
kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz,
maşın və avadanlıqların istehsalı 9,9 faiz,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz,
rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz,
sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5 faiz.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artmışdır.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2018-ci il vəziyyətinə 402,7 milyon manatlıq hazır məhsul olmuşdur.
Kənd təsərrüfatında
2017-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 52,0 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artmışdır.
2018-ci ilin yanvar-may aylarında əsas kapitala 5240,8 milyon manat məbləğində, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az vəsait yönəldilmişdir.
İstifadə olunmuş vəsaitin 3832,2 milyon manatı və ya 73,1 faizi məhsul istehsalı obyektlərinin, 1089,3 milyon manatı (20,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 319,3 milyon manatı (6,1 faizi) isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2814,4 milyon manatını və ya 53,7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3799,2 milyon manatı və ya 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-may aylarında 88,7 milyon ton yük və 779,3 milyon sərnişin daşınmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,4 faiz artmışdır. Yüklərin 62,6 faizi avtomobil, 27,1 faizi boru kəməri, 6,2 faizi dəmir yolu, 4,0 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır.
Sərnişinlərin 87,0 faizi avtomobil, 12,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 715,9 milyon manatlıq xidmətlərin 72,1 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 6,3 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 81,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
2018-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13697,7 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 3175,5 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə həm əmtəə dövriyyəsi, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,4 faiz artmış, ticarət şəbəkəsində 6858,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6839,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla 2018-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9318,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 6292,7 milyon dollarını və ya 67,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 3026,1 milyon dollarını (32,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3266,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artmışdır.
2018-ci ilin yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2017-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 19,3 faiz, real ifadədə isə 11,4 faiz artaraq 485,3 milyon dollar təşkil etmişdir.
2018-ci ilin yanvar-may aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,6 faiz artmışdır.
2018-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 538,8 manat təşkil etmişdir.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında əhalinin gəlirləri nominal ifadədə 9,3 faiz artaraq 20753,7 milyon manata çatmışdır.
Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 8245,2 milyon manat vəsait daxil olmuş, büdcədən 7594,4 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 650,8 milyon manatlıq profisit yaranmışdır.
Mərkəzi Bankın məlumatlarına görə, 2018-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11815,8 milyon manat təşkil etmiş, onun 9516,4 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,5 faizini təşkil etmişdir.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2018-ci il may ayının 1-nə 7881,3 milyon manat təşkil etmişdir.
2018-ci ilin may ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata (ilin əvvəlindən 1,70 manata), 1 Avroya –2,01 manata (2,07), 100 Rusiya rubluna –2,73 manata (2,90) bərabər olmuşdur.
2018-ci ilin yanvar-aprel aylarında əhalinin sayı 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9923,1 min nəfərə çatmışdır.
İqtisadiyyatın durumu açıqlandı – RƏSMİ RƏQƏMLƏR
13:42
16 İyun 2018