Bu ilin yanvar-fevral ayında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1711,2 mln. manat və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% az vəsait yönəldilib.
"FED.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 69,6%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,0%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 15,5% artıb. Ümumi sərmayənin 60,3%-i məhsul istehsalı obyektlərinin, 30,5%-i xidmət sahələri üzrə obyektlərin, 9,2%-i isə ümumi sahəsi 252,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 68,1%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,3%, əhalinin şəxsi vəsaitləri 6,0%, bank kreditləri 4,6%, büdcə vəsaitləri 22,0%, büdcədənkənar fondların vəsaitləri isə 0,7% təşkil edib.
report.az