Banner

İqtisadiyyat

«İqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir»

«İqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir» | FED.az
22:31 24 İyun 2020

Koronavirusun təsirindən Azərbaycanda da iqtisadi tənəzzül başlayıb. 

FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev Gəncədə model tipli xəstəxananın açılışında çıxış edərkən bildirib. 
«Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər». 

Prezident bildirib ki, koronavirus səbəbinbən və əhalinin qorunması üçün məhdudlaşdırma tədbirlərinə başlanılıb: «Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın».

Dövlət başçısı bildirib ki, bu doğru addım idi: «Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir». 

İlham Əliyev bildirib ki, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib: «Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır». 

Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. «Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq».

Prezident bildirib ki, bir neçə başqa sektor da artıq uzun müddətdir ki, fəaliyyətsizdir. Amma dövlət vətəndaşlara yardımı davam etdirir: «Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır».

Digər xəbərlər

Banner