İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş vəzifələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi və idarəetmə sisteminin peşəkar kadrlarla gücləndirilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.
Eləcə də bax: ƏƏSMN-də daha bir - Kadr Təyinatı
FED.az xəbər verir ki, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.
Ülvi Mansurov 2012-2015-ci illərdə Britanıyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.