İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının ixracatçılarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
İxrac təşviqi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmiş "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı" və "Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar" əsasında ödəniləcək.
İxrac təşviqinin alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qeyd olunan şənədlər təqdim edilməlidir: ərizə (ərizə formasını yükləyin); ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti; Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti; qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri; xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti; ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği); qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.
Sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000 ünvanı üzrə təqdim olunmalıdır.