İqtisadiyyat nazirliyi 2020-ci ildə Azərbaycanda gözlənilən iqtisadi artım proqnozunu açıqlayıb.
FED.az xəbər verir ki, bu gün nazirlikdə keçirilən kollegiya iclasında nazir Şahin Mustafayev bildirib ki, 2020-ci ildə Azərbaycanda ÜDM-in real artımının 3%, o cümlədən neft sektoru üzrə 1,6%, qeyri-neft sahəsində isə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 4,8% artacaq.
Eləcə də bax: Prezidentdən Şahin Mustafayevə irad: "Verdiyiniz proqnoz kənarda qalır"
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin 2020-ci il üzrə proqnozları 2019-cu il üzrə proqnozlarından aşağıdır. Nazirlik 2019-cu ildə ölkədə 3,5% artımın olacağını proqnozlaşdırmışdı. Amma ilk 9 ayın nəticələrinə görə, Azərbaycada iqtisadi artım 2,5% təşkil edib.
Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı proqnozların özünü doğrultmaması bir neçə gün əvvəl prezident İlham Əliyepvin sədrliyi ilə keçirilən müşavirədə də müzakirə edilib. Dövlət başçısı pronozların reallığa uyğun gəlməməsi ilə bağlı iqtisadiyyat nazirinə irad tutmuşdu.
Hələlik isə 2020-ci ildə xidmətlər sektorunda artımın 3,6%, nəqliyyatda 4,4%, rabitə və informasiyada 8,7%, ticarətdə 4,5%, turizmdə 6% olacağı gözlənilir. Proqnozlara görə, 2020-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 65%-i ötəcək.