Martın 10-da İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.
İlk olaraq diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə ölkə başçısının 22 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb və həmin ilin 21 dekabrında prezidentin müvafiq fərmanı ilə Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Göstərilən bu yüksək etimada görə sədr və üzvləri dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Agentliyin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək.
İclasda Elşad Nuriyev tərəfindən 2021-ci il ərzində sənaye zonaları və aqroparklarda həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə məlumat verilib, qrumun illik fəaliyyətinə dair hesabatı dinlənilib, cari il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri, təşkilati-inzibati məsələlərlə bağlı müzakirələr aparılıb. Sonda Agentliyin strukturunun formalaşdırılması və digər zəruri hüquqi prosedurların tamamlanması ilə bağlı müvafiq qərarlar qəbul edilib.