Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.
FED.az APA-ya istinadən xəbər verir ki, görüşdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub, belə mötəbər tədbirlərin keçirilməsinin xalqların və ölkələrin bir-biri ilə daha da yaxınlaşması işinə xidmət etdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın turizmin inkişafı ilə bağlı Dünya Turizm Təşkilatının tövsiyələrindən uğurla bəhrələndiyi, ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyi qeyd olunub. Həmçinin yeni turizm marşrutlarının açılmasının, viza rejiminin sadələşdirilməsinin, gələcəkdə Azərbaycan vasitəsilə xüsusi tranzit reyslərin təşkilinə dair təkliflər müzakirə olunub.
Dövlət başçısı son illər ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini, bu baxımdan geniş imkanların olduğunu vurğulayıb. Prezident İlham Əliyev turistlərin ölkəmizə rahat gələ bilmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, son dörd ayda artımın 26 faiz təşkil etdiyini diqqətə çatdırıb. Azərbaycan prezidenti bildirib ki, ölkəmizdə turist artımı bir sıra sahələrin inkişafına mühüm töhfə verir.