Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmon ilə keçirilən danışıqları səmərəli adlandırıb.
FED.az xəbər verir ki, “Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik”, - İ. Əliyev çərşənbə günü Tacikistan prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxışında bildirib. Azərbaycan liderinin saytında çıxışdan sitat gətirilir.
Azərbaycan prezidenti əlavə edib ki, bütün istiqamətlər üzrə “necə irəliləmək barədə dəqiq təsəvvürümüz var”.
“Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”, - Azərbaycanın dövlət başçısı bəyan edib.
O, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacağına dair əminlik ifadə edib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. “Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər”, - İ.Əliyev əlavə edib.