Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidentinin Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində dayanan mühüm amillərdən biri də sənaye parklarının yaradılmasıdır. Bunu Prezident İlham Əliyevin 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamlar da təsdiqləyir. Bununla da əsas diqqət ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsinə, sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkilinə və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yönəlib.
Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.
Dövlətimizin başçısı Sənaye Parkının baş planını, burada yaradılacaq müəssisələrlə bağlı məlumatları əks etdirən stendlərə baxdı.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulub.
Layihə rəhbəri Mehriban Axundova bildirdi ki, Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.
Diqqətə çatdırıldı ki, corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.
Diqqətə çatdırıldı ki, toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Sonra dövlətimizin başçısı Mingəçevir Sənaye Parkının təməlini qoydu.
Daha sonra Azərbaycan Prezidenti Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- -Əziz dostlar, əziz mingəçevirlilər, mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevir şəhərinin həyatında, ümumiyyətlə, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır. Mən keçən il Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalamışam. Müəyyən vəsait ayrılıb ki, bu ərazidə təmizlik işləri aparılsın. Artıq bütün hazırlıq işləri görülüb və bu gün biz bu böyük, genişmiqyaslı layihəyə start veririk.
- Bu parkın yaradılması Mingəçevir üçün çox böyük əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq.
Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə, eyni zamanda, Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək. Mən ölkəmizin sənaye inkişafı ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır. Çünki Mingəçevir böyük şəhərdir. Şəhərin əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Eyni zamanda, şəhər əhalisi həm hazırlıqlıdır, peşəkardır, həm də Mingəçevirdə kifayət qədər böyük əmək qüvvəsi var. Baxmayaraq biz ölkə miqyasında işsizliyi böyük dərəcədə aşağı sala bilmişik, ümumi rəqəm təqribən 5 faiz ətrafındadır, Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir.
Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də ondan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.
Yaxşı bilirsiniz ki, son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik. Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq. Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır.
Bütün bu məsələlər bir-biri ilə uzlaşmalıdır və müvafiq qurumlar bu işlərlə məşğul olurlar. Bizim pambıq istehsalımız artdıqca burada emal olunan məhsul da təbii ki, artacaq. Eyni zamanda, mən artıq Sabirabadda pambıqçılıqla bağlı müşavirədə qeyd etdim, bir daha demək istəyirəm ki, biz yaxın illərdə yeni pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan qat-qat çox məhsul yetişdirəcəyik. Bu fabriklərin fəaliyyəti, eyni zamanda, yun tədarükünə də müsbət təsir göstərəcək. Əfsuslar olsun ki, bu sahə Azərbaycanda tənəzzülə uğrayıb. Halbuki bunun çox böyük potensialı var. Sovet vaxtında bu sahə bizim respublikamıza çox böyük gəlir gətirirdi. Ona görə, yun tədarükü yun ipliyi fabriki ilə uzlaşma səviyyəsində fəaliyyət göstərməlidir.
Burada ayaqqabı fabriki yaradılacaq. Azərbaycanda dəri istehsalı artmalıdır. Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə, biz böyük gəlir itiririk. Hər bir sahə inkişaf etdikcə, onun digər sahəyə də böyük təsiri olacaq. Sevindirici hal ondan ibarətdir ki, Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun inkişafıdır. Bax bu gün biz bunu görürük. Bizim siyasətimiz investisiyaları cəlb etməkdir. Biz görürük ki, buraya çox böyük həcmdə sərmayə qoyulacaq. Mənə verilən məlumata görə, avadanlığın alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə demişəm, - ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulur. Biz neft-qaz sektoruna qoyulan sərmayələrə öyrəşmişik, bu, təbiidir. Çünki bu, çox böyük gəlir gətirən sahədir və xarici investorlar özləri maraq göstərirlər və bizə müraciət edirlər. Qeyri-neft sektoruna isə investorları biz özümüz cəlb etməliyik. Həm dövlət orqanları, həm yerli icra orqanları, investorlar, sahibkarlar - biz burada bir nöqtəyə vurmalıyıq. Ona görə, investisiyaların təşkili və böyük həcmdə buraya gətirilməsi bizim siyasətimizin təzahürüdür.
Bu Sənaye Parkı Mingəçevirdə yaradılır. Bizim regional inkişaf proqramımız orada öz əksini tapır. 2004-cü ildə birinci regional inkişaf proqramı qəbul olunmuşdur. O gündən bu günə qədər on minlərlə yeni müəssisə, bir milyondan çox yeni iş yeri yaradılmışdır. Bölgələrimiz inkişaf edir, şəhərlərimiz abadlaşır, infrastruktur layihələri icra edilir, sahibkarlığın inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı burada özünü göstərir. Mən Prezident kimi parkın yaradılması ilə bağlı Fərman imzalamışam. İlkin vəsait ayrılıb ki, infrastruktur işləri görülsün. İnvestorlar isə, öz növbəsində, bütün qalan işləri görəcək və yaxın illərdə Mingəçevirdə ən müasir standartlara cavab verən sənaye müəssisələri zonası - klasteri yaradılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Baxmayaraq ki, gəlirlərimiz azalıb, dünyada iqtisadi və maliyyə çətinlikləri davam edir, biz öz yolumuzla gedirik. Çünki bizim yolumuz milli maraqlar əsasında qoyulub. Biz inkişaf yolu ilə gedirik. Biz ölkəmiz üçün bütün lazımi tədbirləri görürük ki, ölkəmiz daha da sürətlə inkişaf etsin, inkişaf dayanıqlı olsun. Neftdən asılılıq minimum səviyyəyə düşsün və bizim ixrac potensialımız artsın. Ona görə, bu gün böyük və kiçik sənaye müəssisələri yaradılır, kənd təsərrüfatına böyük təkan verilib.
Aparılan islahatlar, ilk növbədə, idarəetmə, kənd təsərrüfatının, ixracın təşviqi ilə bağlı atılan addımlar artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, Mingəçevirdə bu Sənaye Parkının təməlini biz məhz bu il qoyuruq. Çünki bu il bütün dünya üçün bəlkə də son onilliklər ərzində iqtisadi cəhətdən ən gərgin illərdən biridir. Biz isə öz yolumuzla gedirik. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişafdadır, bölgələrimiz inkişaf edir, ölkəmiz uğurla irəliyə gedir və inkişaf dayanıqlı olmalıdır.
Bu parkın özəlliyi ondan ibarətdir ki, bundan sonra onilliklər ərzində bu, həm insanlara, həm Mingəçevir şəhərinə, həm ölkəmizə böyük xeyir gətirəcək. Burada çox böyük tikiş fabriki yaradılacaq. Təkcə tikiş fabrikində 2 min iş yeri açılacaq. Tikiş fabriklərində adətən qadınlar işləyir. Bu, onu deməyə əsas verir ki, indi qadınlar üçün də yeni iş yerləri yaradılır. Biz çalışmalıyıq ki, ailədə hər iki valideyn işlə təmin edilsin. Bu fabriklərin yaradılması əlbəttə ki, Mingəçevirin inkişafına böyük təkan verəcək.
Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər ərzində şəhərdə gedən quruculuq-abadlıq işləri hamımızı sevindirir. Bu, mənim Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox işlər görülüb. Mingəçevirin infrastrukturu ilə bağlı önəmli layihələr icra edilib. İndi Bakı-Mingəçevir avtomobil yolu ən yüksək standartlara cavab verir, çox gözəl, hamar yoldur. Mingəçevirdə digər yol layihələri də icra edilmişdir.
Qazlaşdırmanın səviyyəsi 96 faizdir. Çox yaxşı göstəricidir. İçməli su, kanalizasiya layihəsi icra edilir. Çox güman ki, bu layihə gələn il başa çatacaq. Hələ ki, içməli su ilə bağlı problemlər var və onlar aradan qaldırılacaq. Elektrik enerjisinə gəldikdə, Mingəçevir özü ölkəmizin böyük hissəsini elektrik enerjisi ilə qidalandırır. Burada da heç bir problem yoxdur. Sosial infrastrukturun yaradılması istiqamətində işlər gedir. Keçən il şəhər xəstəxanası əsaslı təmir edilmişdir. Köçkünlər üçün böyük şəhərcik salınmışdır və artıq köçkünlər o evlərə yerləşiblər. Mingəçevir Dram Teatrının binası təmir edildi. Mingəçevir Dövlət Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalanmışdır. Biz Kür avarçəkmə bazasını yenidən qurduq. Mən xatırlayıram, ilk dəfə 2000-ci illərin əvvəllərində Milli Olimpiya Komitəsinin prezidenti kimi bazaya baş çəkmişdim. Əlbəttə, indiki mənzərə o vaxtkından müqayisəedilməz dərəcədə fərqlənir. O vaxt o bazadan demək olar ki, əsər-əlamət qalmamışdı, köçkünlər orada yerləşmişdi. Biz onların da problemlərini həll etdik. Onlara da gözəl şərait yaratdıq və bazanı yenidən qurduq. Gözəl otel, məşq zalları fəaliyyət göstərir. Avarçəkmə ilə məşğul olmaq üçün bütün imkanlar var. Siz mingəçevirlilər yaxşı bilirsiniz ki, bu bazanın çox böyük əhəmiyyəti var. Sovet İttifaqında və postsovet məkanında bu, bütün mövsümlərdə istifadə edilə biləcək yeganə avarçəkmə bazasıdır. Buraya xaricdən də idmançılar gəlirlər, məşq edirlər. Bu da özlüyündə şəhərin inkişafına bir töhfədir.
Mingəçevirin gözəl turizm potensialı var. Artıq burada bir neçə otel fəaliyyətə başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi və ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir. Çünki bu gün turizmin inkişafı prioritetlər sırasındadır. Vizalarla bağlı dəyişikliklər bu il turizmin inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir. Kür çayı böyük çaydır. Suyun rəngi də, keyfiyyəti də bir az fərqlidir. Kür çayı burada tərtəmiz, gözəl, gözoxşayan rəngdədir. Burada çox gözəl təbii şərait, infrastruktur var. Gəncə və Qəbələ Beynəlxalq aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün gözəl imkanlar var. Ona görə, gələcəkdə burada turizm potensialı inkişaf etməlidir.
Mingəçevir energetiklər şəhəri, Cənubi Qafqazın yüngül sənaye mərkəzi və müasir, abad şəhər kimi, əlbəttə ki, bundan sonra da sürətlə inkişaf edəcək. Bu gün tarixi bir gündür, əlamətdar bir gündür. Bu gün çox böyük layihəyə start verildi. Hazırda ölkəmizdə bir neçə sənaye parkı var. Onlardan ikisi Sumqayıtdadır. Sumqayıt Texnologiya Parkı fəaliyyət göstərir. Sumqayıt Kimya Sənayesi Parkı isə fəaliyyətə başlayır. Üçüncü böyük sənaye parkı Mingəçevirdə yaradılacaq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.