Prezident İlham Əliyev ölkədəki iqtisadi artım sürətinən narazılığını bildirib.
FED.az xəbər verir ki, yeni təyin edilən iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edən dövlət başçısı ölkə iqtisadiyyatının vəziyyəti və ondan gözləntilərdə bağlı fikirlərini səsləndirərək bildirib ki, hazırda Azərbaycanda post neft dövrü başlayıb.
Hökumət və digər qurumlar qeyri-neft sektorunun, eləcə də kiçik və orta biznesin inkişafına fokuslanmalıdır: «İndiki dövrü mən şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz».
Dövlət başçısı bildirib ki, hazırki iqtisadi artım sürəti onu qane etmir. Qeyd edək ki, 2019-cu ilin ilk 9 ayının nəticələrinə görə, iqtisadi artım 2,5% təşkil edir. Hökumətin ötən il verdiyi proqnozlara görə, bu göstəricinin 3,5% olması gözlənilirdi. Dövlət başçısı artım sürətinin yüksəlməsini vaxib sayıb: Bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Ancaq doqquz ayda ümumi daxili məhsul 2,5 faiz artıb, amma qeyri-neft sektorunda 3,5 faiz. Hesab edirəm ki, bu, pis göstərici deyil. Ancaq bizi qane etmir. Düzdür, kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hallardır. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır».
Prezident bildirib ki, qarşıdakı illərdə qeyri-neft sektoru və kiçik-orta biznes inkişaf etməlidir: «Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil».