Azərbaycan rəhbərliyi ölkədə daha çox Çin şirkətini görməyə ümid edir və bunun üçün fürsətlər var. Hökumət Çin şirkətlərini yeni yaranmaqda olan Ələt Azad İqtisadi Zonasına diqqət yetirməyə də çağırır.
"Biz Azərbaycanda daha çox Çin şirkətini görməyə ümid edirik"
FED.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsində, Çinlə Azərbaycan arasındakı siyasi-iqtisadi və biznes əlaqələr və imknalar barədə danışıb.
«Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik»-deyən dövlət başçısı bildirib ki, Çin şirkətlərindən bəziləri Azərbaycanda müxtəlif sahələrdə kifayət qədər fəaldır. «Biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var».
İlham Əliyev bildirib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Hazırda hökumət daha çox qeyri-neft-qaz sektoruna investisiya cəlb etmək istəyir: «Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir».
Dövlət başçısı belə imkanlardan biri kimi Ələt Azad İqtisadi Zonasını göstərib: «Biz indi Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsindəyik. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız onları dəvət edə bilərik».