"Ərəb dünyası ilə münasibətlər bizim üçün hər zaman prioritet olub. Mən bir çox ərəb ölkələrinə rəsmi səfərlər etmişəm. Bizim əla siyasi münasibətlərimiz var. Sizə deyə bilərəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə böyük həmrəylik nümayiş etdirib və biz bunu yüksək qiymətləndiririk".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.
"Qətər ilə münasibətlərimiz də bizim üçün böyük əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və bir çox başqa ərəb ölkələrinə uğurlu səfərlərim və Qətərə planlaşdırılan səfərim bu əməkdaşlığı gücləndirəcək. Biz ərəb ölkələrindən daha çox adamın ölkəmizə gəlməsini istəyirik. Yəqin bilirsiniz ki, biz bu yaxınlarda Körfəz Əməkdaşlığı ölkələrinin vətəndaşları üçün bütün viza tələblərini aradan qaldırmışıq. Qətərin Əmiri, Əlahəzrət Azərbaycanda rəsmi səfərdə olub. İndi isə mənim növbəmdir. Bizim Əlahəzrətlə çox yaxşı şəxsi, mən deyərdim ki, dost münasibətlərimiz var. Biz bir çox iqtisadi layihələr üzərində işləyirik. Biz Əlahəzrətin Bakıya səfəri zamanı birgə iqtisadi komissiyanın yaradılması barədə razılığa gəlmişik və o, artıq fəaliyyətə başlayıb. Bu yaxınlarda Qətərin xarici işlər naziri Bakıda səfərdə olub və onlar bu görüşü keçiriblər. Komissiya əsas diqqəti iqtisadi əməkdaşlığımızın praktiki məsələləri üzərində cəmləşdirəcək. Biz qarşılıqlı ticarətin səviyyəsini artırmaq istəyirik. Biz sizin digər ölkələrdən aldığınız məhsulları Qətərə daha çox ixrac etmək və həmçinin daha çox idxal etmək istəyirik. Eyni zamanda, biz birgə investisiya layihələri ilə bağlı əməkdaşlığa dair danışıqlar aparırıq. Bəlkə də investisiya üçün birgə bir qurum yaratmaq da olar. Çünki bəzən elə olur ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi addımlar vasitəsilə həyata keçirilir. Lakin biz bunu əlaqələndirə və öz investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik".
İlham Əliyev Azərbaycanın ərəb dünyasında daha çox tanınmaq istədiyini bildirib:
"Biz gənc ölkəyik, cəmi 25 yaşımız var. Biz Sovet İttifaqının dəmir pərdəsi ilə müsəlman dünyasından ayrılmışdıq. 25 yaxşı yaşdır, lakin gənc yaşdır, biz tanınmalıyıq və siyasi, iqtisadi, mədəni əlaqələr vasitəsilə daha çox tanına bilərik. Bu, bizim üçün və düşünürəm ki, ərəb tərəfdaşlarımız üçün də çox yaxşı olacaq və bir daha iqtisadi, siyasi maraqlarımıza xidmət edəcək və müsəlman dünyasının birliyini gücləndirəcək. Çünki biz bilirik ki, bu birliyi görmək istəməyən qüvvələr var, onlar müsəlmanları ayırmaq, müsəlman dünyasında, necə deyərlər, xaos yaratmaq istəyirlər və təəssüf ki, bəzən bu, baş verir. Bizim siyasətimiz bizi bütün bunlardan qorumaqdan ibarətdir. Bizim bu il elan etdiyimiz “İslam Həmrəyliyi İli”, fikrimcə, bu işlərin həyata keçirilməsinə kömək edəcək".
Prezident sonda Əl-Cəzirə kanalı vasitəsi ilə bütün ərəbləri Azərbaycana dəvət edib.