Ötən il Azərbaycan iqtisadiyyatı 4 faizdən bir qədər çox azalıb.
Eləcə də bax: Prezident müşavirə keçirdi - YENİLƏNİB
FED.az xəbər verir ki, yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.
Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.
İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.
Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib. (Marja)