FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlət başçısı ölkənin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini deyib, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd edib. Kənd təsərrüfatı ilə bağlı planların həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlət başçısı vurğulayıb ki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır. Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğulayıb, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirib.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə edib. Samuel Allen artıq Azərbaycanda mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.
Görüşdə Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.