İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda “yaşıl iqtisadiyyat” məsələlərinin elmi cəhətdən araşdırılmasını özündə ehtiva edən “Yaşıl iqtisadiyyat” kitabını dərc edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarına əsasən nəşrə tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.
Üç bölmə və yeddi fəsildən ibarət olan monoqrafiya iqlim dəyişikliyi və davamlı inkişaf, iqtisadi inkişafın ekoloji hüdudları, “yaşıl şəhərlər” üçün “yaşıl iqtisadiyyat”, enerji səmərəliliyi: Dünya alternativlər axtarışında, maliyyə və “yaşıl qərarvermə”, Azərbaycanda “Yaşıl iqtisadiyyat”: Mövcud durum və perspektivlər , “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi, “yaşıl artım” və kənd təsərrüfatı: Çağırışlar və imkanlar mövzularını əhatə edir.
Kitabda xüsusən də işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən işlərə geniş yer ayrılıb. Həmçinin “yaşıl büdcə” çərçivəsi və onun Azərbaycanda tətbiqi imkanları ilə bağlı aparılan tədqiqata da yer verilib.
Kitabın elmi redaktoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor, iqtisad elmləri doktoru Vüsal Qasımlıdır. Müəllifləri Ramil Hüseyn, Rəşad Hüseynov, Rəşad Həsənov, Coşqun Cəfərov və Aminə Bayramova olan monoqrafiyaya akademik Urxan Ələkbərov və Professor Nazim İmanov rəy verib.
Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr də faydalana bilərlər.