Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”ə) göndərilir.
Eləcə də bax: Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün - MÜRACİƏT QAYDALARI
FED.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
Bildirilir ki, aparılan araşdırmalar nəticəsində əvvəllər icazəsi olan, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılan bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.
Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən “icaze.e-gov.az” portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.
Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.
İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.