Xəbər verdiyimiz kimi, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə dövlət qurumlarının təmsilçiləri və iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvana səfərdədir.
Mikayıl Cabbarov Naxçıvanda – İqtisadi dəyişikliklər başlayır
FED.az xəbər verir ki, nümayəndə heyəti bir neçə istehsal müəssisəsinin, o cümlədən "Cahan Holdinq"in fəaliyyəti ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də nümayəndə heyətilə olub.
“Cahan Holdinq”in qurucusu və prezidenti Vüqar Abbasov qonaqlara fəaliyyətləri barədə ətraflı məlumatlar verib.
Naxçıvana səfəri çərçivəsində “Naxçıvanda sahibkarlığın inkişafı: çağırışlar və perspektivlər” mövzusunda görüş keçirilib.
Vurğulanıb ki, Naxçıvanda sosial-iqtisadi sahədə, xüsusilə də özəl sektordakı çətinliklərin həll edilməsi əsas hədəflərdəndir. Bu sırada respublikada fəaliyyət göstərən maliyyə qurumlarının Naxçıvanda filiallarının açılması, güzəştli kredit, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsi, Naxçıvan sahibkarlarının güzəşt və imtiyazlardan istifadəsinə şərait yaradılması, onların KOBİA, AZPROMO və digər qurumlarla əməkdaşlığının qurulması, habelə başqa inkişaf və təkmilləşdirmə məqsədli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə müvafiq qurumların birgə və koordinasiyalı fəaliyyətinin təşkili önəmlidir.