İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz səlahiyyətləri çərçivəsində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görür.
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda qeyd olunur ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır.
Dövlət Xidməti sahibkarları istehlakçılarla bağladıqları müqavilələrin məzmununu istehlakçı hüquqların müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə uyğunlaşdırmağa, sahibkarlar tərəfindən istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməməsinə çağırır.
Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri araşdırılarkən sahibkarlar tərəfindən vətəndaşlara təqdim olunan müqavilə şərtləri mütəmadi olaraq təhlil olunur. İstehlakçı hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri aşkar edildikdə, bununla bağlı hüquq pozuntusuna dair inzibati xəta haqqında protokol tərtib olunur.
Cari ilin 10 ayı ərzində istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə 10 inzibati xəta haqqında protokol tərtib olunub. İstehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər daha çox istehlakçıların əldə etdikləri lazımi keyfiyyətli malların dəyişdirilməsi qaydalarının, istehlakçıların lazımi keyfiyyətli mal, xidmət əldə etmək hüququnun, qüsurlu malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək hüququnun pozulması, qanunvericiliyə zidd olaraq zəmanət öhdəliklərinin tətbiq olunmadığı halların dairəsinin müəyyənləşdirilməsi ilə bağlı olub.
Qeyd edək ki, sözügedən məsələlər Mülki Məcəllənin 623, 624, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7, 9 və 15-ci maddələri ilə, eləcə də “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 94 nömrəli Qərarının 5-ci hissəsi ilə tənzimlənir.
Belə ki, istehlakçı müqavilədə və ya qanunvericilikdə müəyyən edilmiş müddətdə aldığı malda qüsur və ya saxtalaşdırma halı aşkar etdikdə, öz istəyi ilə satıcıdan həmin malın digər lazımi keyfiyyətli malla dəyişdirilməsi, satış qiymətinin uyğun şəkildə azaldılması, malın qüsurlarının aradan qaldırılması, qüsurların aradan qaldırılması üçün özünün, yaxud üçüncü şəxslərin çəkdiyi xərclərin ödənilməsi, müqavilənin ləğv edilməsi və ona dəymiş zərərin ödənilməsi ilə bağlı tələblərdən biri ilə çıxış edə bilər.
İş görülməsi və ya xidmət göstərilməsi üzrə bağlanmış müqavilə şərtlərindən kənara çıxaraq işdə, xidmətdə qüsurlara yol verilmişdirsə, istehlakçı öz istəyi ilə işdə (xidmətdə) olan qüsurların aradan qaldırılmasını, qüsurları aradan qaldırmaq üçün özünün və ya üçüncü şəxslərin ödədiyi xərclərin ödənilməsini, iş (xidmət) üçün ödədiyi haqqın uyğun olaraq azaldılmasını, müqavilənin əhəmiyyətli dərəcədə pozulduğu hallarda isə müqavilənin ləğv olunmasını və dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
İstehlakçının aldığı qeyri-ərzaq malını, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, on dörd gün ərzində başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirmək hüququ var. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda istehlakçı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
Qeyd olunan hüquqları məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və sözügedən müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, həmin zərər tam şəkildə ödənilməlidir.
Vətəndaşlar hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (- https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (- [email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.