Azərbaycan hökumətinin son aylar sürətlə yüksələn qiymət artımları ilə necə mübarizə aparacağı ilə bağlı ilk açıqlamalar verilib.
FED.az xəbər verir ki, hazırda Nazirlər Kabineti və əlaqədar qurumlarla birlikdə qiymət artımının qarşısınnı alınması üçün antiinflyasiya tədbirləri hazırlanır.
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz dəhliinin parametrləri və faiz qərarı ilə bağlı açıqlamasında bu mövzuya da toxunub. Baş bankir Elman Rüstəmov bildirib ki, Azərbaycan iqtisadiyyatı 2021-ci ildə xarakterinə və strukturuna görə 2021-ci ildə analoqu olmayan inflyasiya təzyiqləri ilə üzləşib.
İnlyasiyanın özü ilə yanaşı, inflyasiya gözləntilərinin də yüksək və həssas olması iqtisadi subyektlərin qiymətqoyma davranışına təsir göstərən mühüm risk mənbəyi olaraq qalır.
Hökumətin Mərkəzi Bankla birlikdə hazırda üzərində işlədiyi antiinflyasiya tədbirlərinin də qəbulu və reallaşması inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcəkdir.
Tədbirlər aşağıdakı istiqamətləri əhatə edir:
- ölkədə makroiqtisadi sabitlik çərçivəsinin gücləndirilməsi,
- inflyasiya idxalının məhdudlaşdırılması,
- ölkədə istehlak malları, o cümlədən sosial əhəmiyyət daşıyan məhsulların istehsalının artırılması və təchizatının yaxşılaşdırılması,
- əsassız qiymət artımının məhdudlaşdırılması,
- habelə əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi.