Azərbaycanla qonşu ölkələrdə hələlik ən sürətli inkişaf Gürcüstanda baş verir və bu, müəyyən mənada Azərbaycana da sərf edir. FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə ortamüddətli xərclər çərçivəsində bildirilir.
Xatırladaq ki, bu sənəddə 2027-2030-cu illər üzrə Azərbaycan iqtisadiyyatının vəziyyəti, proqnozlar və iqtisadiyyata təsir edən amillər əksini tapıb. Hökumətin proqnozlarına görə, qonşu ölkələrdəki, xüsusilə əsas tərəfdaş ölkələrdəki vəziyyət də Azərbaycana təsir edən məqamlar arasındadır.
Sənəddə bildirilir ki, 2026-cı ildə Azərbaycanın əsas qeyrineft ixrac tərəfdaşları arasında iqtisadi dinamikanın fərqli istiqamətlərdə formalaşacağı gözlənilir. Beləliklə
Türkiyədə -
yüksək inflyasiyanın məhdudlaşdırılması məqsədilə həyata keçirilən sərt monetar siyasət və fiskal konsolidasiya daxili tələbi zəiflədərək iqtisadi artım tempini məhdudlaşdırır. Nəticədə 2026-cı il üzrə real ÜDM artımının 2,9% səviyyəsində formalaşacağı proqnozlaşdırılır. Büdcə kəsirinin azaldılması, vergi bazasının genişləndirilməsi və enerji subsidiyalarının mərhələli optimallaşdırılması yaxın dövrdə iqtisadi fəallığı məhdudlaşdırsa da, ortamüddətli dövrdə makroiqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın əsas qeyri-neft ixrac bazarlarından biri olan Türkiyədə iqtisadi artım prosesləri ixrac tələbinə təsir potensialına malikdir.
Rusiyada –
yüksək faiz dərəcələri, müharibə ilə əlaqədar struktur məhdudiyyətlər və enerji gəlirlərinin dəyişkənliyi iqtisadi fəallığı zəiflədən əsas amillər olaraq qalır və 2026-cı ildə real ÜDM artımının təxminən 1,1% təşkil edəcəyi gözlənilir. İqtisadi aktivliyin əhəmiyyətli hissəsinin dövlət sifarişləri və müdafiə xərcləri hesabına dəstəklənməsi özəl tələb və investisiya fəallığındakı zəifliyi qismən kompensasiya edir. Rusiya Azərbaycanın əsas qeyrineft ixrac bazarı olaraq qaldığından, iqtisadi artımın zəifləməsi ixrac tələbi baxımından müəyyən risklər yaratsa da, ixrac strukturunda zəruri istehlak və ərzaq məhsullarının yüksək payı bu risklərin təsirini məhdudlaşdırır.
Gürcüstan –
2025-ci ildə 7,5%-lik real iqtisadi artım nümayiş etdirərək regionun sürətlə böyüyən iqtisadiyyatlarından biri olmuş, 2026-cı ildə isə artımın təxminən 5,3% səviyyəsində formalaşacağı proqnozlaşdırılmışdır. Daxili tələb, xidmətlər sektoru, turizm, investisiyalar və tranzit-logistika fəaliyyəti iqtisadi artımın əsas drayverləridir. Gürcüstanda iqtisadi fəallığın yüksək səviyyədə davam etməsi Azərbaycanın ərzaq, tikinti materialları, kimya və digər qeyri-neft məhsullarına tələbin artması baxımından müsbət xarici amil kimi qiymətləndirilir.
Özbəkistanda –
2025-ci ildə real ÜDM artımı 7,7% təşkil etmiş, 2026-cı ildə isə iqtisadi artımın təxminən 6,5–6,8% diapazonunda qalacağı gözlənilir. Yüksək investisiya fəallığı, daxili tələbin genişlənməsi və davam edən struktur islahatları iqtisadi artımı dəstəkləyən əsas amillər kimi çıxış edir. Özbəkistan iqtisadiyyatında yüksək artım tempinin qorunması və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın qeyri-neft məhsulları üçün bu bazarın ixrac potensialını artırır.














