Yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir:
- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
- Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir; - Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;
- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;
- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.