Hindistan Yaponiyanı geridə qoyaraq dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib.
FED.az xəbər verir ki, bu barədə Hindistan hökuməti iqtisadi vəziyyətlə bağlı bəyanatında bildirib.
Bəyanatda deyilir ki, 2025-2026-cı maliyyə ilinin 2-ci rübünün sonuna ölkə iqtisadiyyatı böyük sıçrayış əldə edə edərək 8,2% artıb. Bu son 6 rübdə ən yüksək artım sürətidir.
«Hindistan 4,18 trilyon dollarlıq ÜDM ilə Yaponiyanı geridə qoyub, dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevrilib», – bəyanatda deyilir.
Hökumətin proqnozlarına görə, Hindistan iqtisadiyyatının 2,5-3 ildən sonra hazırda üçüncü yeri tutan Almaniyanı keçəcəyi gözlənilir.
Sənəddə deyilir ki, hazırda nominal ÜDM-nin həcminə görə, dünyada lider ölkələr ABŞ və Çin təşkil edir, Almaniya 3-cü yeri tutur. Bu dəfə Hindistan Yaponiyanı geridə qoyaraq 4-cü yerə yüksəlib. İndiki artım sürəti qalsa, qarşıdakı 2,5-3 il ərzində Hindistan Almaniyanı da keçib dünyada 3-cü olacaq. Belə ki, Hindistan hökumətinin proqnozlarına görə, 2030-cu ildə ölkə iqtisadiyyatının həcmi 7,3 trilyon dollara çatacaq.
Hindistan hökuməti bildirir ki, iqtisadi artım əsasən daxili tələbat – ölkə əhalisinin ehtiyacları hesabına mümkün olub. Yəni dünya iqtisadiyyatındakı problemlər bu artıma mane ola bilməyib. Yeri gəlmişkən, Hindistanda 1,4 milyard əhali yaşayış və onların böyük əksəriyyəti hələlik, minimum yaşayış səviyyəsindədir.
Hindistan hökuməti bu problemi də həll etmək niyyətindədir – hökumətin planlarına əsasən Hindistan 2047-ci ildə, yəni ölkənin yaranmasının 100-cü illiyində ölkəni yüksək gəlirli ölkəyə çevirmək nəzərdə tutulur.











