Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, dövlət büdcəsindən 2013-2015-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiqlənib.
Auditlə 2013-2015-ci illərdə 220 şagird yerlik tam orta və 80 şagird yerlik ümumi orta məktəbin, Siyəzən-Məşrif avtomobil yolunun tikintisi, Siyəzən-Məşrif-Dağquşçu kənd avtomobil yolunun əsaslı təmiri, Siyəzən şəhərində İcra Hakimiyyətinin inzibati binasının tikintisi, Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndahar avtomobil yolunun tikintisi və Siyəzən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində istifadə olunan ümumilikdə 9457,8 min manat vəsait əhatə edilib.
Müəyyən edilib ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 saylı Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulan tədbirlərin bir hissəsinin icrası təmin olunsa da, şəhərdaxili yolların asfaltlaşdırılması, müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə birlikdə tarix-mədəniyyət abidələrinin bərpası, səhiyyə müəssisələrin əsaslı təmiri və digər bu kimi tədbirlərin icrası başa çatdırılmayıb. Mövcud qaydaların tələblərinə əməl edilməyərək, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Məktəblərin tikintisi ilə əlaqədar layihə-smeta sənədlərinə dövlət ekspertizasının rəyi nəzərə alınmayaraq işçi layihənin Təhsil Nazirliyi ilə razılaşdırılmadığı, satınalma proseduru keçirilmədən obyektin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin aparılması üçün müqavilə bağlanıldığı, məktəblərin tikintisi 2014-cü ilin iyun ayında başa çatdırılsa da, istismara qəbulunun təmin edilmədiyi, iş həcmlərinin artırılması və yerinə yetirilməyən işlərin qəbul aktlarına daxil edilməsi səbəbindən podratçılara artıq vəsait ödənildiyi müəyyən olunub. Eyni zamanda Siyəzən-Məşrif və Siyəzən-Məşrif-Dağquşçu kənd avtomobil yolunun təmir-tikinti işlərinin tikintisi zamanı çəkilən məsrəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada uçota alınmayıb. Bəzi işlərin dəyəri artırılıb, yolun tikintisi zamanı texniki normativlərə tam əməl edilməməsi səbəbindən asfalt-beton örtüyünün bir hissəsi dağılaraq sıradan çıxıb.
Hesablama Palatasının Kollegiyası Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Qərarın surəti Siyəzən Rayon İcra Hakimiyyətinə göndərilib. Eyni zamanda tikintisi Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən başa çatdırılmış Siyəzən-Məşrif avtomobil yolunun (uzunluğu 20,38 km) və Siyəzən-Məşrif-Dağquşçu kənd avtomobil yolunun (uzunluğu 5,7 km və yanaşma yolları 11,4 km) müvafiq qaydada istismara qəbulu və çəkilən məsrəflərin uçota alınması məqsədi ilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məlumat göndərilib. Audit tədbirinin nəticəsi olaraq yerinə yetirilməmiş işlərə görə ödənilmiş vəsaitin və kreditor borcun məbləğinin obyektlərin maliyyələşməsi zamanı nəzərə alınması məqsədilə Maliyyə Nazirliyinə müraciət olunub.
Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.