Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.
Palatadan FED.az-a verilən məlumata görə, kollegiya üzvləri Rəy barədə fikir və təkliflərini bildirib, Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı Qərar qəbul olunub.
İclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar da müzakirə olunmuşdur:
- Dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
- “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair.
Kollegiyaya dəvət olunmuş Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov və Mühasibat Uçotu sektorunun müdiri Əkrəm Hətəmov müzakirələrdə iştirak etmiş, Kollegiya üzvlərinin suallarını cavablandırıb.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, Hesablama Palatasının İş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.
Kollegiya iclasında Hesablama Palatasının İcmal-analitik şöbəsinin sektor müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2017-ci il 13-15 iyun tarixində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən 10-cu iclasında iştirakı barədə məruzə edib.