Texniki pasport deyəndə adətən yaşayış evlərinə çıxarış alınan zaman verilən sənəd yada düşür. Daha dəqiq desək, ev üçün “Çıxarış” alanda bizdən bu sənəd tələb edildiyindən onun varlığından xəbərdar oluruq. Lakin bu sənəd tək daşınmaz əmlak üçün yox, müxtəlif əşyalar üçün də ən azı o qədər vacibdir. Fərq yalnız ondadır ki, bu dəfə həmin sənədi qarşı tərəf yəni alıcı tələb etməlidir. Belə məhsullara mürəkkəb texniki mallar hesab edilən məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saatlar, foto və kino aparatları, rabitə vasitələri və digərləri aiddir.
Satıcı mütləq istehlakçıya onun tələbindən asılı olmayaraq məhsulun texniki quruluşu, keyfiyyəti, komplektliyi, istismar təlimatları barədə məlumat verməyə və mala aid texniki pasportu və ya onu əvəz edən sənədi təqdim etməyə borcludur. Nəzərə alsaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda təsbit olunmuş əsas hüquqlardan biri də məhz mal haqqında məlumat almaq hüququdur. Çünki sözügedən məhsulların quruluşu, işləmə mexanizmi barədə məlumatlar məhz onun texniki pasportunda göstərilir. Malın texniki pasport olmadan satılması isə malın qüsurlu olmasına şübhə yaradır. Alış-veriş zamanı satıcı həmin sənədi müxtəlif səbəbdən vermirsə və ya alıcı bunu ondan tələb etmirsə, sonda daha çox problemi məhz istehlakçının özü yaşayır. Səbəbi isə çox sadədir. Məhsul alarkən texniki pasportun verilməməsi səbəbindən yararsız olan məhsulu geri qaytarmaqda çətinlik yaranır. Belə ki, zəmanət müddətli mallar üzrə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilmədikdə şikayətə baxılmır. Digər tərəfdən isə qarşı tərəf günahı istehlakçıda görərək alıcının malı düzgün istifadə etmədiyindən xarab olduğunu səbəb gətirir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirirlər ki, bu tipli şikayətlərin əksəriyyəti texniki pasportların verilməməsi və ya Azərbaycan dilində olmaması ilə bağlı olub.
Dövlət Xidmətində sahibkarlarla keçirilən görüşlərdə istehsalçılara mürəkkəb texniki mallar satılan zaman kassa çeki ilə yanaşı, Azərbaycan dilində tərtib olunmuş texniki pasportun verilməli olduğu, bu mümkün olmadıqda məhsulun əsas xüsusiyyətləri barədə Azərbaycan dilində qısa mətn hazırlayanaq istehlakçılara təqdim olunmasının zəruriliyi bildirilib.
Bununla əlaqədar qanunvericiliyin tələblərinə gəlincə isə, İnzibati Xətalar Məcəlləsinin 446-cı maddəsinə əsasən, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə - fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 000 manata qədər cərimə edilir.