Gürcüstanın Milli Statistika Xidməti xarici ticarət göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, ilk 3 ayda Gürcüstanın xarici ticarət dövriyyəsi 2,8 milyard dollar olub, bunun 1,9 milyard dolları idxalın, 826 milyon dollar isə ixracın payına düşüb.
Əvvəlki ilin birinci rübü ilə müqayisədə Gürcüstanın xaricə ixracı 12,8% artıb. Ölkədən ixracda əsas yeri mis filizi və konsentratları (135,6 milyon dollar və ya ümumi ixracda 16,4%), yüngül avtomobillər (99,1 milyon dollar və ya 12%), dəmir filizi (95,6 milyon dollar və ya 11,6%).
İlk rübdə idxal 1,9 milyard dollar təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır. İdxalda əsas yeri neft və neft məhsulları (150 milyon dollar), neft-qaz (131,5 milyon dollar), eləcə də mis filizi və konsentratları (120,2 milyon dollar) təşkil edib.
Eləcə də bax: İranın Azərbaycana ixracı artır
Qeyd edək ki, birinci rübün nəticələrinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 7 milyard 620,1 milyon dollar təşkil edib. Bu Gürcüstandan 2,7 dəfə artıqdır. Ticarət dövriyyəsinin 4 milyard 484,5 milyon dolları ixracın, 3 milyard 135,6 milyon dollar isə idxalın payına düşür. Azərbaycanın ixracı Gürcüstandan 5,4 dəfə, idxalı isə 1,7 dəfə artıqdır.
Bununla yanaşı, qeyri-neft ixracında Gürcüstanın göstəriciləri Azərbaycandan iki dəfə artıqdır. Birinci rübdə Azərbaycanın qeyri-neft ixracı 424 milyon dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, qeyri-neft ixracında əsas yeri meyə-tərəvəz məhsulları tutur – 103,5 mlyon dollar və ya qeyri neft ixracının 24,4%-i. İxracda sonrakı yerləri plastmassa və onlardan hazırlanan məmulatlar – 48,4 milyon dollar, elektrik enerjisi 38,4 milyon dollar, eləcə də, pambıq lifi 37,5 milyon dollar tutur.