Gürcüstanda koronavirusa yoluxma hər gün artsa da, ölkədə artıq sərt qapanma və məhdudiyyətlər olmayacaq.
FED.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Georgi Qaxariya bildirib.
Eləcə də bax: Gürcüstanda onlayn alış-verişlə bağlı narazılıq - Limit 600 lari olacaq?
Baş Nazirin sözlərinə görə, hazırda əsas prioritet iqtisadiyyatın mümkün qədər tez bərpa edilməsi və vətəndaşların sağlamlığının qorunmasıdır.
Qaxariya vəziyyətin tamamilə nəzarət altına düşdüyünü və ən başlıcası, idarə olunduğunu vurğulayıb. “Bu gün iqtisadiyyatın sürətli bərpası prioritetə çevrilir, lakin bu, müəyyən qaydalara əməl etmədən mümkün deyil. Və bu sadə qaydalardır: maska, sosial distansiya, gigiyenaya riayət etmə və s. Biz bunu həmişə demişik və bu gün təkrar edirik ki, biz hamımız virusla birgə yaşamağı öyrənməliyik. Təəssüf ki, virus problemi qlobal olaraq vaksin və ya digər vasitə ilə həll edilməyincə, ayrıca götürülmüş ölkənin virusa qalib gəlməsi mümkün deyil", - deyə Qaxariya bildirib.
Onun sözlərinə görə, Gürcüstanda sərt və sistemli məhdudiyyətlərin tətbiqi artıq planlaşdırılmır: “Qeyd etmək istəyirəm ki, artıq heç bir sərt qapanma və məhdudiyyətlər olmayacaq". (Qafqazinfo)