Xaricdən Azərbaycana mal gətirən və gömrük rəsmiləşdirməsi edən iş adamlarını yenilik gözləyir.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni layihəyə əsasən, indiyədək rəsmiləşdirmə prosesində yaranan ləngimələr aradan qalxmalıdır.
Eləcə də bax: Gömrükdən sahibkarlara - "QİYMƏT" TÖVSİYƏSİ
Komitədən bildirilib ki, gömrük rəsmiləşdirilməsinin sürətli şəkildə baş verməsinin, yəni vaxt və vəsait itkisinin əsas səbəblərindən biri malların təsnifatının və mənşə ölkəsinin düzgün müəyyən edilməsidir. Bu istiqamətdə yol verilən səhvlər adətən gömrük rəsmiləşdirilməsi prosesində ləngimələrə səbəb olur.
Dövlət Gömrük Komitəsinin reallaşdırdığı yeni layihə bu sahədəki bütün maneələri aradan qaldıracaq.
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralovun sözlərinə görə, "Məcburi qərarlar"ın tətbiqi ilə bağlı yeni layihə hazırlanıb. Bu layihə xarici ticarət iştirakçılarına (yəni xaricdən mal idxal ixracı edənlərə) gömrük əməliyyatlarının sürətli şəkildə həyata keçirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq. Pilot variantda həyata keçirilən layihə malların təsnifatını və mənşə ölkəsini əhatə edəcək.
Layihəyə əsasən idxal-ixrac əməliyyatı həyata keçirilmədən öncə malların təsnifatını və mənşə ölkəsini müəyyən etmək məqsədilə qanunvericilikdə tələb olunan məlumatlar şəxs tərəfindən gömrük orqanına əvvəlcədən təqdim edilməlidir.
Nəticədə mal təyinat gömrük orqanına çatdıqda qısa zaman kəsiyində, yəni dəqiqələr ərzində gömrük əməliyyatları yekunlaşır və mallar sahibinə təhvil verilir.
«Əvvəllər isə şəxs təyinat gömrük orqanına çatan malın mənşə ölkəsinin və təsnifatının müəyyənləşdirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətdə, bəzən günlərlə ekspertizanın nəticələrini gözləyirdi ki, bu da əlavə vaxt və vəsait itkisi deməkdir»-deyə komitədən bildirilib.
Komitədən bildirilir ki, proseslər əsasən informasiya texnologiyalarının tətbiqi ilə elektron qaydada həyata keçirildiyindən insan amili aradan qaldırılır, bu da şəffaflığın təmin olunması üçün vacib şərtlərdəndir.
Baş idarə rəisi Səməd Qaralov bildirir ki, məcburi qərarlar xarici ticarət iştirakçısının gömrük orqanlarına yazılı və ya elektron qaydada müraciətinə əsasən qəbul edilir. Bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi texnoloji sxem hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilib: «Biznes subyektləri Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki Sahibkarlar üçün bölməsinə daxil olduqdan sonra məcburi qərarlar alt bölməsindən müraciət ünvanlamaqla yeni layihədən faydalana bilərlər».
S.Qaralovun sözlərinə görə, hələlik pilot variantda tətbiq olunduğu üçün mallara dair məcburi qərarlar bir dəfəlik veriləcək. Layihə tam şəkildə tətbiq olunduqdan sonra isə məcburi qərarların qanunvericiliyə uyğun olaraq daha uzun müddətə verilməsi təmin olunacaq və sahibkarlar idxal etdikləri eyni mal üçün təkrar ekspertizaya müraciət etməyəcəklər».