Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “Lion Centre” MMC-nin rəhbəri Ramil Aslanovun gömrük orqanlarına və onun səlahiyyətli şəxslərinə qarşı həqiqətə uyğun olmayan iddialarına əsaslanan məlumatlar yayımlanıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinə (DGK) isitnadən xəbər verir.
Bildirilib ki, Ramil Aslanov idxal etdiyi malların rəsmiləşdirilməsi zamanı Bakı Baş Gömrük İdarəsində ona qarşı süni maneələr yaradıldığını, qanunsuz ödənişlər tələb olunduğunu iddia edir.
Komitə bildirir ki, bu ilin avqust ayında “Lion Centre” MMC-nin ünvanına Çin Xalq Respublikasından daxil olan çilçıraq yükünə dair 2021-ci il 12 oktyabr tarixində tərtib edilən gömrük bəyannaməsi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) təsadufi seçmə üsulu ilə təyin etdiyi gömruk əməkdaşı tərəfindən araşdırılıb və bir gün sonra gömrük bəyannaməsinin tərtibində yol verilən səhvlərin aradan qaldırılması üçün bəyannaməçiyə göndərilib: “Lakin bəyannaməçi bir necə gün həmin səhvləri aradan qaldıraraq gömrük bəyannaməsinin geri göndərilməsini təmin etməyib. Üstəlik araşdırma zamanı gömrük bəyannaməsinin 31 və 43-cü qrafalarının düzgün doldurulmadığı, malların gömrük dəyərinin azaldıldığı, nəqliyyat xərclərinin nəzərə alınmadığı müəyyən edilib və bu barədə bəyannaməçiyə məlumat verilib. Belə ki, malların dəyəri eyni ölkədən idxal edilən analoji malların dəyərindən kəskin fərqləndiyindən rəsmiləşdirilmə prosesində eynicinsli malların invoys və gömrük dəyəri əsas götürülür. Buna görə də malların gömrük dəyərinin yenidən araşdırılması zərurəti yaranıb və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi məqsədilə ekspertə müraciət olunub. Əmtəəşünaslıq ekspertizasının nəticəsinə əsasən tərtib olunmuş rəy gömrük orqanlarının haqlı oldugunu təsdiqləyib”.
Komityənin məlumatında deyilir ki, malların buraxılışından sonra fiziki baxış keçirilən zaman isə onların bəyan olunduğu kimi çilçıraqlar yox, bir və yaxud bir neçə patronlu asma plafonlar olduğu aşkar edilib: “Üstəlik Ramil Aslanovun üçüncü şəxslərin adına mal idxal edə biləcəyi şübhəsi ilə vergi orqanlarinin risk meyarları əsasında birgə baxışın həyata keçirilməsinə zərurət yaranıb. Sadalanan qanun pozuntuları barədə aparılan izahat işlərindən sonra Ramil Aslanov bəyannamədə yol verilən yanlışlıqları aradan qaldırıb və gömrük orqanlarının malların dəyəri ilə bağlı apardığı araşdırmalara əsasən müəyyən edilən ödənişləri dövlət büdcəsinə köçürüb, rəsmiləşdirmə prosesi başa çatdırılaraq malların buraxılışı həyata keçirilib”.
DGK onu da qeyd edib ki, gömrük orqanları daim qanuni ticarəti dəstəkləyir və xarici ticarət iştirakçılarına, eyni zamanda “Lion Centre” MMC-yə qərəzli münasibət göstərilməsinə dair iddialar tamamilə əsassızdır: “Ramil Aslanovun Bakı Baş Gömrük İdarəsi və onun əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı iddialara gəlincə isə onunla yalnız qanunvericiliyin tələbləri barədə izahat işləri aparılıb və bəyannamənin doldurulması zamanı yol verilən yanlışlıqların aradan qaldırılması tövsiyə edilib ki, bu da təzyiq deyil, gömrük əməkdaşlarının birbaşa vəzifə borcudur. Eyni zamanda, hər hansı xarici ticarət iştirakçısının, o cümlədən “Lion Centre” MMC-nin gömrük orqanlarının nüfuzuna xələl gətirən açıqlamalarla dövlət qurumuna və onun səlahiyyətli şəxslərinə təzyiq göstərmək cəhdi yolverilməzdir”.
İş adamının prerzidentə məktubu
“LİON CENTRE” MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin və Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri barədə demokrat.az-ın redaksiyasına açıq məktub ünvanlayıb.
Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən iş adamı R.Aslanova bürokratik və süni əngəllər yaradılır.
İş adamı R.Aslanov bununla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və müxtəlif dövlət qurumlarının rəhbərlərinə açıq şikayət məktubu ünvanlayıb.
“Cənab Prezident, Sizə ünvanladığım haqlı məktubdan sonra mənə qarşı müxtəlif yönlü təzyiq formalarından istifadə edilməyə başlanılıb”.
İş adamı R.Aslanovun məktubunda bildirir ki, 16.10.2021-ci il tarixində Prezident İlham Əliyevin elektron poçt ünvanına ərizə ilə müraciət edib:
“Hörmətli Cənab Prezident!
Həmin ərizəmdə rəhbəri olduğum “LİON CENTRE” MMC-mə qarşı Bakı Baş Gömrük İdarəsi tərəfindən yaradılan süni maneəçiliklər, qanunsuzluqlar və ədalətsizlik barədə məlumat vermişdim. 5 gün keçməsinə baxmayaraq, şirkətimlə bağlı problemlərin həll edilməsi istiqamətində heç bir əməli tədbir görülməmişdi. Məlumat üçün bildirirəm ki, 19.10.2021–ci il tarixində Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən mənimlə əlaqə saxlanılmış və məni idarəyə dəvət etmişdilər. Bakı Baş Gömrük idarəsində qəbulda olduğum zaman mənə aid olan mallarımın gömrük rəsmiləşdirilməsində imtina edilməsi əsaslandırılmamış və süni bəhanələr gətirilərək məsələ öz qanuni həllini tapmamışdır.
Baxmayaraq ki, həmin söhbət zamanı mən Çin Xalq Respublikasından şirkətim üçün idxal edilən malların Gömrük rəsmiləşdirilməsi barədə ölkə qanunverciliyinə uyğun olaraq hesablama qaydalarını gömrük əməkdaşlarına təqdim etmişdim”.
“Kənan Məmmədovun qanunsuz əməllərindən Respublika Gömrük Komitəsinin xəbəri varmı? Əgər xəbəri vardırsa, o zaman niyə susur?”
İş adamı R.Aslanov bildirir ki, ona qarşı ciddi təzyiqlər başlanılıb:
“16.10.2021-ci il tarixdə Sizə ünvanladığım məktubdan sonra Respublika Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi tərəfindən mənə qarşı müxtəlif yönlü təzyiq formalarından istifadə edilməyə başlanılmışdır. Belə ki, şirkətim üçün Çin Xalq Respublikasından idxal edilən 20.09.2021-ci il tarixli 01211000309577 saylı gömrük bəyənnaməsi üzrə keçən mallarla bağlı təxminən bir ay sonra 19.10.2021-ci il tarixində sənədlərin uyğun olmadığı barədə sistem üzrə bildiriş (surəti əlavə olunur)göndərilmişdir. Absud bir vəziyyət yaranmışdır.
Belə çıxır ki, bir ay əvvəl gömrük orqanlarında rəsmiləşdirilmiş mallarımla bağlı hansısa bir yüksək rütbəli gömrük məmurunun göstərişi ilə rəsmiləşdirilmə işləri ləğv edilmişdir. Buradan belə çıxır ki, hansısa bir məmurun tapşırığı ilə bu günədək mənim şirkətimə idxal edilmiş və gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş sənədlər şübhə altına alınaraq təftiş edilə bilər. Necə olur ki, gömrük əməkdaşları rəsmiləşdirilmə zamanı belə kobud səhvlərə yol verirlər. Əgər mənim şirkətimə idxal edilmiş mallara dair müvafiq gömrük rəsmiləşdirilməsi sənədləri mövcuddursa və mən bu günədək öz fəaliyyətimi həmin səndlərə əsasən qurmuşamsa, sonradan bununla bağlı mənə yaradılan süni maneələr əsassızdır.
Necə olur ki, bu günədək mənim “LİON CENTRE MMC”-mə eyni şirkətdən idxal olunan eyni adda mallar dəfələrlə Respublikamızın gömrük orqanları tərəfindən eyni statistik qiymətlə buraxılır, sonradan əməliyyatların birinə 01211000309577 saylı 21.09.2021-ci il tarixli gömrük bəyannaməsinə “stop” qoyulur. Lakin cəmi 2 gün sonra 22.09.2021 ci il tarixli 01211000313442 saylı bəyannamə üzrə eyni şirkətdən, eyni adlı malın rəsmiləşdirilməsinə icazə verilir və mallarım buraxılır. Gömrük orqanlarının əməkdaşlarının bir-birinə zidd əməllərinin mənə qarşı oynanan-oyundan başqa bir şey adlandırmaq olmaz”.
“Gömrük Komitəsinin təqdimatı ilə Bakı Baş Gömrük İdarəsinə təyin edilən yüksək rütbəli vəzifəli şəxsin çox asanlıqla mənim imzamın saxtalaşdırılması onun Dövlət budcəsi ilə bağlı vəsaitlərlə əlaqədar edəcəyi qeyri qanunu əməllərin, masştabını düşünmək adamı heyrətə gətirir”
İş adamı R.Aslanov daha sonra qeyd edir:
“Dediklərim mənə qarşı oynanılan ilk oyun deyil. Vaxtilə Sizə ünvanladığım 05.04.2021-ci il tarixli 09/21 saylı məktubumda qeyd etdiyim kimi “LİON CENTRE”MMC-mə idxal edilən malların rəsmiləşdirilməsi zamanı Bakı Baş Gömrük İdarəsini Rəisi Kənan Məmmədov tərəfindən mənim imzam saxtalaşdırılmışdı ki, bu barədə tərəfimdən irad bildirildikdə mənə bunun yalnışlıqla baş verdiyi bildirilmiş və mən, məsələyə o qədər də əhəmiyyət verməmişdim.
Görünür, mən yanılmışam. Belə ki, bu gün mənim imzamı saxtalaşdıran Respublika Gömrük Komitəsinin təqdimatı ilə Bakı Baş Gömrük İdarəsinə təyin edilən yüksək rütbəli vəzifəli şəxsin çox asanlıqla mənim imzamın saxtalaşdırılması onun Dövlət budcəsi ilə bağlı vəsaitlərlə əlaqədar edəcəyi qeyri qanunu əməllərin, masştabını düşünmək adamı heyrətə gətirir, görəsən Kənan Məmmədovun qanunsuz əməllərindən Respublika Gömrük Komitəsinin xəbəri varmı? Əgər xəbəri vardırsa, o zaman niyə susur?
Eyni zamanda qeyd etmək istəyirəm ki, bu gün Respublika Gömrük Komitəsində çalışan məmurlar öz vəzifə fünkusyalarına biganə yanaşır və sadə gömrük əməliyyatları ilə bağlı məsələlərdən baş aça bilmirlər. Elementar olaraq qara metaldan minalanmış qazanların statistik dəyərinin 2.3 olduğunu mənə bildirərək qanunvericiliklə hesablama qaydasını təqdim edə bilməmişdilər. Hələ bir istehsa ilə elektron hesablayıcıda 2.3 yazaraq mənə göstərmişdir”.
İş adamı R.Aslanov məktubunda sual edir: Kənan Məmmədovun Karqo şirkətləri ilə yaxın təmasda olmasına sübut deyilmi?
“Respublika Gömrük Komitəsinin əməkdaşları Anar Aslanov və Pərvin adlı şəxslərin gömrük orqanlarında hansı biliklərə sahib olması məni çox maraqlandırır. Belə ki, tərəfimdən onlara Gömrük Qanunvericiliyinin tələbləri izah edildikdə onların bu sahədə tamamilə məlumatsız olduqlarını müəyyən etdim.
Bir məqamı Sizin nəzərinizə çatdırım ki, bu gün Respublika Gömrük Komitəsində təxminən 5-10 il bundan əvvəll tədbiq edilməyə başlanılan qeyri rəsmi formada istifadə olunan karqo sahiblərinin və “karqo sürücülərinin təxəllüyünün məhsulu” olan malların müəyyən hesablaması forması və qaydaları əsasında aparılır. Buda uzun illərdən buyana gömrük orqanının əməkdaşlarının düşüncə tərzinin dəyişmədiyini öz primitivliyinin saxlanılmasına sübutdur.
Dediklərimə sübut kimi, uzun müddət gömrük orqanlarında öz neqativ əməlləri karqo şirkətləri ilə sövdələşməyə gedən və korrupsiyanın fəal iştirakçıları olan şəxslərin bu gündə yenidən gömrük postlarına qaytarılmasını Respublika Gömrük Komitəsi tərəfindən gömrük orqanlarında aparılan islahat kimi qələmə verilməsini necə başa düşmək olar?
Görəsən Bakı Baş Gömrük İdarəsinin Rəisi Kənan Məmmədov bu cür hallardan xəbərdar deyilmi? Bu hal Kənan Məmmədovun Karqo şirkətləri ilə yaxın təmasda olmasına sübut deyilmi? Başqa cür bunu nə ilə izah etmək olar?
Necə olur ki, mənim şirkətimə idxal edilən konteynerin içərisində 1 adda olan mal müxtəlif bəhanələrlə dəfələrlə yoxlamalara məruz qalır amma 80-90 adda karqo şirkətlərinə gətirilən yüklərin sadələşdirilmiş yoxlama üsulu ilə rəsmiləşdirilməsi həyata keçirilir. Bunu izah etmək o qədərdə çətin deyil, belə ki nə qədər ki, Bakı Gömrük İdarəsinin Rəisi Kənam Məmmədov, Anar Aslanov, Pərvin, Zəfər, Etibar Talıblı və bu kimi adlarını sadalamaqla qurtara bilmədiyim şəxslər gömrük orqanlarında çalışacaqlar, o qədərdə gömrük orqanlarının əməkdaşlarının düşüncə tərzinin dəyişilməsinə ümüd etmək olmaz.
Onlar hələdə keçmişdən qalmış “karqo sürücüsü təxəyyülünün məhsulu” olan malların hesablanma qaydasına daha çox önəm verməklə Gömrük Qanunvericiliyinin tələblərinə zidd hərəkətlər etməyə davam edəcəklər.
Bununlada bizim kimi sıravi vətandaşların, sahibkarların, Dövlətimizə və Xalqımıza xidmət göstərməsinə süni əngəllər yaradaraq Ölkə Rəhbəri kimi Sizin İqtisadi sahadə apardığınız siyasətin reallaşmasına imakan verməyəcəklər.
Respublika Gömrük Komitəsində olduğum zaman tərəfimdən Anar Aslanov və Pərvin adlı əməkdaşın nəzərinə çatdırdım ki, Respublikamızda malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Gömrük Tarifi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq yerinə yetirilir ki, orada da gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün tələblər öz əksini tapmışdır.
Tərəfimdən onlara bildirmişdim ki, Gömrük Tarifi haqqında Azərbaycan Respublikası Qanununu 17-ci maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsulları aşağıdakı kimi müəyyən edilmişdir:
1. Gətirilən malların sövdələşmə qiyməti ilə ;
2. Eyni malların sövdəkəşmə qiyməti ilə;
3. Eyni cinsli malların sövdələşmə qiyməti;
4. Dəyərin toplanma üsulu ilə;
5. Dəyərin çıxılması üsulu ilə;
6. Ehtiyyat üsulu ilə;
Burada Dövlət Gömrük Komitəsinin yuxarıda adları çəkilən əməkdaşlarının Bakı Baş Gömrük İdarəsinin rəisi və əməkdaşları tərəfindən kəşf etdikləri “7-ci üsul” barədə bir kəlmə belə qeyd olunmamışdır. Görünür ki, gömrük orqanlarının əməkdaşları səlahiyyət həddini aşaraq qanunvericilikdə dəyişiklik etmə hüququnu öz üzərinə götürmüşdülər. Elə bu səbəbdən də tərəfimdən Respublika Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarına izah edilmişdiki, ölkəmizə idxal edilən malların gömrük rəsmiləşdirilməsi üsulları ölkə qanunvericiliyində təstiq edildiyindən “Amerika” kəşf etməyə ehtiyac yoxdur. Tərəfimdən gətirilən bütün arqumentlərə baxmayaraq dediklərimə məhəl qoyulmamış və şirkətimlə bağlı problem həll edilməmiş qalmışdır.
İş adamı R.Aslanov bildirir ki, ölkəmizin gömrük orqanında baş verən qanunsuzluqlar sadə vətəndaş və bir iş adamı kimi məni çox narahat edir:
“Hörmətli cənab Prezident!
Nəzərinizə çatdırmaq istəyirəm ki, dünyada Azərbaycanın Dövlət məmurunun qanunsuz hərəkətləri ölkəmizin beynəlxalq imicinə zərbə vurmaqla yanaşı ölkə İqtisadiyyatının inkişafına bir başa maneə yaradır.
II Qarabağ Vətən müharibəsində Sizin rəhbərliyinizlə Müzəffər Ordumuzun əldə etdiyi qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda təmir-tikinti quruculuq işlərinin aparıldığı bir dönəmdə Xarici sərmayəçilərin ölkəmizə investizisya qoyuluşunun təmin edilməsi üçün minbit şəraitin olunması vacib məsələlərdən biridir. Zənnimcə ölkəmizin gömrük orqanlarında çalışan, bilərəkdən ölkəmizin iş adamlarına qarşı brökratik əngəllər yaradan “məmurlar” Beynəlxalq aləmdə Respublikamıza baş ucalığı gətirmir.
Mən həmişə öz adımdan danışmağı sevirəm, lakin onu qeyd etməliyəm ki, mənim kimi professional fəaliyyətinə süni əngəllər törədilən iş adamları çoxdur. Onların bir çoxu öz problemlərini dilə gətirməkdən çəkinir, Gömrük orqanlarının əməkdaşları tərəfindən onlara təklif edilən və ölkəmizə daxil olan malların gömrük rəsmiləşdirilməsində karrupsyaner Gömrük məmurları tərəfindən tədbiq edilən qanunsuz mexanizimlərlə razılaşırlar. Həmin iş adamlarından fərqli olaraq mən öz fəaliyyətimi qanuni əsaslarla qurmağa üstünlük verirəm və bundan sonrada verecəyəm. Çünki, mən belə hesab edirəm ki, vaxt gələcək Ölkəmizin Gömrük orqanlarında qanunsuz əməllər ilə məşğul olan iş adamlarının qanunsuzluqlarla razılaşmağa təhrik edən gömrük məmurları öz cəzalarını alacaqlar. Keçən məktubum da qeyd etdiyim kimi Sizin tapşırıqınıza əsasən Respublikanın Gömrük orqanlarında ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən yerinə yetirilən əməliyyatların uğurla nəticələnəcəyinə ümid edirəm.
Çox istərdim ki, ölkəmizin hüquq mühafizə orqanlarının gömrük strukturlarında apardığı antikorrupsiya tədbirləri yüksək rütbəli gömrük əməkdaşlarınada şamil edilsin.
Hörmətli cənab Prezident,
Yuxarıda göstərilənlərdən irəli gələrək bir daha Sizdən xahiş edirəm ki, Çin Xalq Respublikasından “LİON CENTRE”MMC-mə daxil olunmuş malların gömrük rəsmiləşdirilməsi ilə bağlı Qanunvericilyə uyğun olaraq rəsmiləşdirilməsini yerinə yetirmək üçün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müvafiq göstəriş verəsiniz.
Əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm. Daima Sizin apardığınız siyassəti dəstəkləyən iş adamı Ramil Aslanov!
Dərin hörmət və ehtiramla,
“LİON CENTRE”MMC-nin
Direktoru Ramil Aslanov