Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq sərəncamı ilə "Yeni gömrüyün yeni gələcəyə baxış" fəaliyyət proqramı qəbul edilib.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Ticarət və İxracat Forumu"nda (TEF-2022) DGK-nın Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
"Proqram sosial-iqtisadi islahatlara dair strategiyanı əsas götürərək hazırlanıb və burada beş əsas strateji hədəf müəyyənləşdirilib. Bu hədəflərdən birincisi sahibkarlığın inkişafı nöqteyi nəzərdən sahibkar və vətəndaş məmnunluğunun qorunmasıdır", - T. Alverdiyev bildirib.
Onun sözlərinə görə, fəaliyyət proqramında strateji hədəfləri müəyyənləşdirəndə, ilk növbədə sahibkarlarla görüşlər keçirilmiş, həlli nəzərdə tutulan məsələlər sahibkarlar tərəfindən qaldırılmış və həmin məsələlərin yaxın zamanda həlli üçün hədəflər müəyyən olunub:
"Məsələn, şəxslərin hər hansı bir gömrük idarəsində malların rəsmiləşdirilməsi ilə bağlı avans hesabında olan vəsaitindən digər yaranacaq borcun bağlanmasında istifadə edə bilmir və yaxud gömrük ödəniş növü üzrə avansından digər yaranmış borcu üzrə istifadə edə bilmir. Amma yeni fəaliyyət proqramında artıq bu həllini tapır və şad xəbər kimi də bildirim ki, dekabrın 1-dən pilot layihə olaraq həyata keçirilməyə başlanılacaq. Yanvarın 1-dən isə tam tətbiqinə başlanacaq".
T. Alverdiyev bildirib ki, bunun üçün artıq Maliyyə Nazirliyinin razılığı əldə edilib: "Dövlət Gömrük Komitəsinin vahid hesabı olacaq və bu proses düşünürəm ki, sahibkarlara sürətli keçidin rəsmiləşdirilməsinə xidmət edəcək". (Report)