ABŞ-ın “Goldman Sachs” investisiya bankı koronavirusun (Covid 19) təsiri ilə bu il qlobal iqtisadi artımın 30 illik minimumu yeniləyərək 2%-ə düşəcəyini proqnozlaşdırır.
FED.az “report”a istinadən xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Qurumun ekspertlərinin fikrincə, virusun Çin iqtisadiyyatına, qlobal xammmal tədarükü zəncirinə vurduğu zərbəni aradan qaldırmağa azı 6 ay vaxt lazım olacaq.
“Qlobal iqtisadiyyata koronavirusun özündən çox, onun beynəlxalq bazarlarda yaratdığı psixoloji vəziyyət təsir edəcək. Birjaların isə ilin ikinci yarısından tam bərpa olunmasını gözləyirik”, - “Goldman Sachs”ın açıqlamasında deyilir.
Bankın hesabatında o da bildirilib ki, ötən həftə Səudiyyə Ərəbistanı və Rusiya arasında başlamış və güclənən neft müharibəsi, Rusiyanın Amerikalı şist neft istehsalçılarını iqtisadi cəhətdən sıxışdırmağa çalışması, Səudiyyə Ərəbistanının bazar payını Rusiya və ABŞ-a vermək istəmədiyi üçün bir müddət davam edəcək.
“Qlobal iqtisadiyyat qarşısında sistemli risk yoxdur. Hətta heç kim bu barədə danışmır. Çünki hökumətlər iqtisadiyyatları sabitləşdirmək üçün bazarlara lazımi müdaxilələr edir və xüsusilə özəl bank sektoru çox yaxşı kapitallaşıb", - hesabatda qeyd olunub.