Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Fransa Bankı 2024-cü ildə ÜDM-in artımı ilə bağlı proqnozunu aşağı salıb.
FED.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
İlkin artım təxmini 0,9 % idi, Fransa Mərkəzi Bankı isə indi ÜDM artımını cəmi 0,8 % proqnozlaşdırır. Bu düzəliş 2023-cü ilin son rübündə gözləniləndən daha pis iqtisadi artımı əks etdirir.
Qeyd edək ki, bu təxmin Fransa İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyinin vəd etdiyi 1 % artımdan nəzərəçarpacaq dərəcədə aşağıdır. Lakin hökumət ilin əvvəlində parlamentdə səsvermə olmadan qəbul edilən 2024-cü il büdcəsinə daxil edilmiş proqnoza kəskin düzəlişlər etməyə məcbur olub. Ötən il səlahiyyətlilər 2024-cü ildə iqtisadi artımın 1,4 % olacağını gözləyirdilər.
Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer 2023-cü ilin sonunda büdcə gəlirlərinin planlaşdırıldığından 4,4 milyard avro az olduğunu etiraf edib və həmçinin büdcə kəsirinin səviyyəsinin əvvəllər elan edilmiş 4,9 %-dən “xeyli yüksək” olacağını etiraf etdi. Bunun fonunda o, nazirliyin xərclərinin 10 milyard avro azaldılması planını həyata keçirəcəyini vəd edib.
Fransada 2020-ci ilin sonundan etibarən inflyasiya artmaqdadır. 2023-cü ildə ölkədə istehlak qiymətlərinin orta illik artımı 4,9 % təşkil edib. (Report)