"Fitch" beynəlxalq reytinq agentliyi Almaniya "Deutsche Bank"ının uzunmüddətli kredit reytinqini "A-"dən "BBB+"a endirib. "Bloomberg" agentliyinin yazdığına görə, Bankın kredit reytinqi üzrə proqnoz isə "stabil" olaraq qiymətləndirilib.
Agentlik "Deutsche Bank"ın reytinqinin azaldılmasını Bankın hədəflədiyi mənfəət göstəricilərini əldə etməsinin bir qədər gec olacağı ilə izah edib.
Qeyd edək ki, bir müddət əvvəl "Deutsche Bank"ın baş icraçı direktoru Con Kryan (John Cryan) bildirib ki, Avropanın ən böyük investisiya bankı olan "Deutsche Bank" getdikcə hüquqi şəxslərə xidmət etməyə üstünlük verərək yumşaq inkişaf mərhələsinə keçmək istəyir. Bunun üçün Bankın yeni inkişaf strategiyası hazırlanıb. C.Kryan hesab edir ki, "Deutsche Bank"ın 2017-ci ildə əməliyyat gəlirləri azala bilər.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib.